Məhkəmə qərarları › İş №e-2(012)-151/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-151/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-151/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2013-cü il tarixli, 7409 nömrəli kredit müqaviləsinə əsasən 2694,38 manat məbləğində əsas borc, 1290,64 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 77,46 manat olmaqla, cəmi 4062,48 manat borcun və iş üzrə ödənilmiş 60,72 manat məbləğində dövlət rüsumunun, 1,20 manat bank xidməti haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7409 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 10 faiz dərəcəsi ilə 26620 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2013-cü il tarixində müştəri tərəfindən kredit müqaviləsi üzrə 3000 manat məbləğində ödəniş olunmuşdur. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 720 saylı zaminlik müqaviləsi çıxış edir. xx.xx.2013-cü il tarixli, 7409 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin 2694,38 manat məbləğində əsas borc, 1290,64 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 77,46 manat olmaqla, cəmi 4062,48 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 60,72 manat dövlət rüsumu və 1,20 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 30248/2023 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən cavabdehlərdən 2332,05 manat məbləğində əsas borc, 1002,95 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 108,37 manat olmaqla, cəmi 3443,37 manat borcun və iş üzrə ödənilmiş 60,72 manat məbləğində dövlət rüsumunun, 1,20 manat bank xidməti haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən cavabdehlərdən 2417,27 manat məbləğində əsas borc, 86,05 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 193,11 manat olmaqla, cəmi 2625,71 manat borcun və iş üzrə ödənilmiş 60,72 manat məbləğində dövlət rüsumunun, 1,20 manat bank xidməti haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış borcun şişirdildiyini bildirdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış borcun şişirdildiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 7409 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 1 saylı küçəsində inşa edilən 7 saylı evin 18 nömrəli mənzilinin alınması üçün illik 10 faiz olmaqla 120 ay müddətinə 26620 manat kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 720 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7409 saylı təminatlı kredit müqaviləsinə əsasən 120 ay müddətinə verilən 26620 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" MMC borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 7409 saylı saylı təminatlı kredit müqaviləsinə 1 №-li əlavədən müəyyən edilir ki, Cavabdeh2 həmin müqavilə əsasında ona verilən kredit üzrə əsas borc və faizləri hər ayın 23-dək aylıq 312 manat məbləğində bərabər hissələrlə banka ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcu 2694,38 manat məbləğində əsas borc, 1290,64 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 77,46 manat olmaqla, cəmi 4062,48 manat təşkil edir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5978/2024 saylı ekspert rəyindən görünür ki, 23 iyul 2013-cü il tarixli, 7409 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 qeyd edilən tarixlərə "xxxx" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə-3067,27 manat, faiz borcu üzrə-86,05 manat. xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə-2417,27 manat, faiz borcu üzrə-86,05 manat, 5% ilə hesablanmış faiz borcu üzrə-122,39 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 250 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 250 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 1 saylı küçəsində inşa edilən 7 saylı evin 18 nömrəli mənzilinin alınması üçün illik 10 faiz olmaqla 120 ay müddətinə qaytarmaq şərti ilə 26620 manat məbləğində kredit götürmüşdür. Bank qarşısında olan öhdəliyin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı digər cavabdeh zamin "xxxx" MMC öz üzərinə götürmüşdür. İddiaçı "xxxx" ASC hazırda həmin kredit müqaviləsi üzrə olan ümumilikdə 2625,71 manat məbləğində kredit borcunun (əsas və faizlər üzrə) cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)-2473/2024 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5978/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 qeyd edilən tarixlərə "xxxx" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə-3067,27 manat, faiz borcu üzrə-86,05 manat. xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%lə hesablanmaqla): əsas borc üzrə-2417,27 manat, faiz borcu üzrə-86,05 manat, 5% ilə hesablanmış faiz borcu üzrə-122,39 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 250 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 250 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, hazırki mərhələdə Cavabdeh2 kredit müqaviləsi üzrə faiz borcunu tam ödəmiş, onun əsas borc üzrə 2375,71 manat (2417,27+86,05+122,39-250) borcu qalmışdır və bu borc cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zamin "xxxx" MMC isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 2375,71 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 60,72 manat məbləğində dövlət rüsumunun 43,75 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üçün tələb edilən 100 manat vəsait cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 2375,71 manat və ödənilmiş dövlət rüsumu üçün 43,75 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün tələb edilən 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar