Məhkəmə qərarları › İş №e-2(012)-1528/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1528/2023

06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1528/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsinə əsasən 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X2 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilən alimentin məbləğinin artırılaraq 2023-cü il üçün yaşayış minimumuna uyğun hər uşağa hər ay 220 manat sabit pul məbləğində alimentin təyin edilməsi və 50 manat ilkin mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 07 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2011-ci ildə Cavid adlı övladları dünyaya gəlmişdir. Onun əvvəlki nikahından xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşağı üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsilə nikah pozulmuş, 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X2 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X1 onun himayəsində qalmaları və onların saxlanması üçün Cavabdeh alimentin tutularaq ona verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-788/2022 saylı qətnaməsilə 09 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Gündəlik məişət xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022 il tarixli, 2(012)-788/2022 saylı qətnaməsinə əsasən Hacı və Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia ilə razılaşmadılar və onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-788/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, 09 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 dekabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək hər ay, hər uşaq üçün 175 manat, 17 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında AZ-İ 338152 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, bu akt xx.xx.2019-cu il tarixdə 287 nömrə ilə qeydə alınmışdır. İşdə olan doğum haqqında AZ-İİ 822924 və AZ-İİ 793923 saylı şəhadətnamələrin surətlərindən görünür ki, 09 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdehdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 220 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda Cavid və Hacı adlı uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Cavid və Hacı adlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-788/2022 saylı qətnaməsinə əsasən 09 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-788/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 09 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar