Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-156/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Əfrail oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2972,79 manat pulun, ödənilmiş 49,73 manat dövlət rüsumunun əvəzinin və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan 90ZX942 dövlət qeydiyyat nişanlı Subaru Forester markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 90PE228 dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* inzibati tənbeh vermə haqqında qərara əsasən 90ZX942 dövlət qeydiyyat nişanlı Subaru Forester markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı 90PE228 dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. 90PE228 dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, hesabata əsasən 4897,94 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 4897,94 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan şirkət tərəfindən 1825,15 manat məbləğində vəsait, həmçinin 100 manat azadolma sığorta ödənişi məbləğində çıxılmışdır. xx.xx.2022-ci il tarixdə qalıq məbləğ olan 2972,79 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Odur ki, "xxxx" ASC tərəfindən ödənilmiş 2972,79 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -"xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli, AA041282 saylı aktından görünür ki, “Hyundai Accent” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və təmir-bərpa işlərinin məbləği 4150,80 manat müəyyən edilmişdir. -"xxxx" MMC xx.xx.2021-ci il tarixli, 252/21 saylı hesab-fakturadan görünür ki, “Hyundai Accent” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyyat hissəsləri və xidmət üçün 4150,80 manat, ƏDV 18%, cəmi 4897,94 manat maddi zərər dəymişdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 15732,15 manat dəyərində avtonəqliyyat vasitələrinin tam sığortası növündə sığortalanmış "xxxx" MMC-yə məxsus “Hyundai Accent” markalı, 90PE228 dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı 4897,94 manat dəyərində ziyan dəymiş, 4897,94 manat sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün "xxxx" MMCnin hesabına köçürülmüş, sığortalı tərəfindən 100 manat azadolma məbləği çıxılacağı qeyd olunmuşdur. -xx.xx.2021-ci il tarixli C0408 saylı hesab fakturadan görünür ki, 100 manat pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. - xx.xx.2020-ci il tarixli 1-MİC-3392/20 saylı tam sığorta şəhadətnaməsnin surətindən görünür ki, ** PE *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitəsi 1 il ərzində 17000 manat məbləğində sığortalanmışdır. - İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş məktubdan görünür ki, sığorta şirkəti ödənilmiş 2972,79 manat sığorta məbləğinin 15 gün müddətində ödənilmədiyi təqdirdə subroqasiya qaydasında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6940 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Accent” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4150,80 manat müəyyən edilmişdir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi Subaru Forester markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobillə ** PE *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitəsi toqquşmuş, hadisə nəticəsində sonuncunun avtomobilinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 4897,94 manat dəyərində ziyan dəymiş, həmin məbləğ xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən ödənilmişdir. Ümumi zərər məbləğindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 1825,15 manat məbləğində vəsait, həmçinin 100 manat azadolma sığorta ödənişi çıxılmaqla qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə 2972,79 manat zərər dəymişdir. Hazırda Cəmiyyət cavabdehdən həmin məbləğdə pul tələb edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği 4150,8 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş hadisə nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq qüsur aktı ilə müəyyən edilmiş və həmin məbləğin 1925,15 manat hissəsi çıxıldıqdan sonra qalıq qalan 2972,79 manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 49,73 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə cavabdehdən ekspertiza mərkəzinin hesabına tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2972,79 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 49,73 manat pul və 0,40 manat bank xidməti xərci tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-156/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-156/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver