Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1564/2022 11.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 21.01.2015-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 589.72 manat əsas, 478.84 manat faiz, 434.10 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 160.08 manat faiz borcu olmaqla cəmi 1662.74 manat borcun və iş üzrə ödənilmiş 37 manat dövlət rüsumunun Ləğv prosesində olan Zaminbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh2 arasında bağlanmış 21.01.2015-ci il tarixli, 10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik faiz dərəcəsi 24% ödənilmək şərtilə 1500 manat kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizlər banka ödənilməlidir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh1 ilə həmin tarixdə 10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda, borcluların banka ödənilməmiş pul borcu 589.72 manat əsas, 478.84 manat faiz, 434.10 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 160.08 manat faiz borcu olmaqla cəmi 1662.74 manat təşkil edir. Cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə 28.06.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Abşeron rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli 2(012)-3259/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 31.12.2019-cu il tarixdə başa çatmasına baxmayaraq, tövsiyyə edilən tədbirlər bank tərəfindən təmin edilmiş, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən Zaminbank ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 21.01.2015-ci il tarixli 10 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 1500 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 21.01.2015-ci il tarixdən başlayaraq, 21.07.2016-cı il tarixinə kimi hər ay banka 101 manat (sonuncu ay isə 81 manat) ödəməklə qaytarmalıdır. -Kredit verən Zaminbank ASC ilə kredit alan Cavabdeh2, zamin Cavabdeh1 arasında bağlanmış 21.01.2015-ci il tarixli 10 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -24.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Ləğv prosesində olan Zaminbank ASC-yə 12.01.2022-ci il tarixinə 589.72 manat əsas, 478.84 manat faiz, 434.10 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.08 manat, 160.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1662.74 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Hüseynov X2 Muxtar Respublikası Şərur rayonu Alışar kəndində, Quliyev X1 rayonu Məmmədli kəndində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 434.10 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də, məhkəmə kredit müqaviləsi üzrə 589.72 manat əsas borc üzrə hesablanmış 434.10 manat cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 160.08 manat faiz borcunun hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinn müddəti bitəndən sonra Plenum Qərarına əsasən hesablanmış 160.08 manat faiz borcunun tutulması tələbi qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehlərdən tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 37 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Ləğv prosesində olan Zaminbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.01.2015-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 589.72 manat əsas, 478.84 manat faiz, 50 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 160.08 manat faiz borcu olmaqla cəmi 1278.64 manat borc və ödənilmiş dövlət rüsumuna görə 37 manat iddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21.01.2015-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə 589.72 (beş yüz səksən doqquz manat yetmiş iki qəpik) manat əsas, 478.84 (dörd yüz yetmiş səkkiz manat səksən dörd qəpik) manat faiz, 50 (əlli) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 160.08 (yüz altmış manat səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 1278.64 (min iki yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat pul vəsaiti və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1564/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1564/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver