Məhkəmə qərarları › İş №e-2(012)-1569/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1569/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1569/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4935.95 (dörd min doqquz yüz otuz beş ABŞ dolları 95 sent) ABŞ dolları - bundan 1971.60 (bir min doqquz yüz yetmiş bir ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 651.96 (altı yüz əlli bir ABŞ dolları 96 sent) ABŞ dolları faiz, 2195.75 (iki min bir yüz doxsan beş ABŞ dolları 75 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116.64 (bir yüz on altı ABŞ dolları 64 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 103.92 (bir yüz üç Manat 92 qəpik) Manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 80002088 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin məbləği 5385.51 USD təyin olunmuşdur. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6464.97 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4935.95 (dörd min doqquz yüz otuz beş ABŞ dolları 95 sent) ABŞ dolları təşkil edir. Bundan 1971.60 (bir min doqquz yüz yetmiş bir ABŞ dolları 60 sent) ABŞ dolları əsas, 651.96 (altı yüz əlli bir ABŞ dolları 96 sent) ABŞ dolları faiz, 2195.75 (iki min bir yüz doxsan beş ABŞ dolları 75 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116.64 (bir yüz on altı ABŞ dolları 64 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi və borcunun əsas və faiz hissəsini qəbul edərək, cərimə məbləğinin əsassız şişirdildiyini bildirdi. Məhkəmə cavabdehi dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 80002088 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı həmin müqavilə əsasında 36 ay müddətinə, ilik 26 % tətbiq edilməklə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli, 80002088 saylı kredit müqaviləsi üzrə borcun kreditin məbləği 5385.51 ABŞ dolları təşkil etməsi və kreditin qaytarılma vaxtının xx.xx.2018-ci ilədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli, 80002088 saylı kredit müqaviləsi üzrə borcun 6464.97 ABŞ dolları təşkil etməsi və kreditin qaytarılma vaxtının xx.xx.2022-ci ilədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********957 saylı arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli, 80002088 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 1971,60 ABŞ dolları əsas borc, 651,96 ABŞ dolları faiz borcu, 2195,75 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 116,64 ABŞ dolları faiz borcu olmaqla, 4935,95 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməsi üçün bank tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə dövlət rüsumu kimi 103,92 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 2195.75 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 20 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 116,64 ABŞ dolları faiz borcu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 80002088 saylı kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 116,64 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1971,60 ABŞ dolları əsas borc, 651,96 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 116,64 ABŞ dolları faiz borcuna görə pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 103,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 103,92 manat dövlət rüsumunun 66,92 manatı Cavabdeh tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, ödənilmiş 37 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1971,60 ABŞ dolları əsas borc, 651,96 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 116,64 ABŞ dolları faiz borcuna görə pul, cəmi 2760,20 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 66,92 manat pul tutulmalı, ödənilmiş dövlət rüsumunun 37 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 1971,60 ABŞ dolları əsas borc, 651,96 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 116,64 ABŞ dolları faiz borcuna görə pul, cəmi 2760,20 ABŞ dolları ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş dövlət rüsumuna görə 66,92 manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumunun 37 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar