Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-163/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2, cavabdeh-vərəsələr Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4733,63 manat məbləğində kredit borcu, 291,34 manat məbləğində faiz borcu və 407,09 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5432,06 manat məbləğində borcun və ödənilmiş 74,32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəməyə ərizə göndərərək, Cavabdeh1 vərəsələri-Cavabdeh4 (atası) və Cavabdeh3 (anası) cavabdeh qismində hazırki mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4966,37 manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür, O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra elməlidir. Lakin Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Cavabdeh1 vərəsələri Cavabdeh4 (atası) və Cavabdeh3 (anası) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, mərhum cavabdeh-Cavabdeh1 onun qardaşı olmuşdur. Onun borcu tam ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, 879 manat əmək haqqı alır. Adına 2 kredit vardır və ipoteka ödəyir. Həmçinin mərhum qardaşının ailəsinə də o baxır. Odur ki, o, yalnız hissəhissə ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh-vərəsələr məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh-vərəsələrin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən kredit alan bankdan aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 017G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 4733,63 manat məbləğində kredit borcu, 291,34 manat məbləğində faiz borcu və 407,09 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5432,06 manat məbləğində borcu vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Ucar rayonu, Alpout kəndində anadan olmuş mərhum Cavabdeh1 Ucar rayonu, Alpout kəndində ailəsi ilə birlikdə JN-508 nömrəli dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində 3,68 ha kənd təsərrüdatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh1 vəfat etdikdən sonra JN-508 nömrəli dövlət aktına əsasən ona məxsus torpaq payından atası- Cavabdeh4, anası-Cavabdeh3, qardaşı-Cavabdeh2 və digər ailə üzvləri istifadə edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, 017G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2021 ildə vəfat etmiş Cavabdeh1 vərəsələri Cavabdeh4 (atası) və Cavabdeh3 (anası) tanınmışdır. Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh4 və Cavabdeh3 vərəsə olaraq İddiaçı QSC qarşısında həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Lakin,iş materialalrından görünür ki, xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi üç il müddətinə bağlanmış, müqavilənin müddəti bitmiş və bu hal iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə qiymət verilməsi zərurətini aradan qaldırmışdır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı QSC-nin kredit müqaviləsinin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 407,09 manat məbləğində cərimə pulunun azaldılması cavabdehlərin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 74,32 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2, cavabdeh-vərəsələr Cavabdeh4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə 4733,63 manat məbləğində kredit borcu, 291,34 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5034,97 manat məbləğində borc və ödənilmiş 74,32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-163/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-163/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver