Məhkəmə qərarları › İş №e-2(012)-1635/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1635/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1635/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və AAAF- İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4347.21 manat faiz olmaqla cəmi 26265.88 manat borcun və iş üzrə ödənilmiş 169.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borcun və iş üzrə ödənilmiş 171.80 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli, 09Mİ/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə, 12 faiz dərəcəsi ilə 42000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə "xxxx" MMC arasında 14.03.2014-cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən, 25.01.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 21918.67 manat, faiz borcu üzrə 4347.21 manat olmaqla, cəmi 26265.88 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və "xxxx" MMC-yə 08.12.2021-ci il tarixdə 22-15576/2021 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda, cavabdehlərin kredit müqaviləsi üzrə 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borcu yaranmış və bu səbəbdən də iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AAAF-İnşaat MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə mənzilin alınması məqsədilə illik 12 faizlə 120 ay müddətinə 42000 manat kredit verilmiş və həmin kredit vəsaiti hesabına cavabdeh AAAF- İnşaat MMC-dən mənzil almış, AAAF-İnşaat MMC isə borcalanın kredit müqaviləsi üzrə öhdəliyinə zamin dayanaraq bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 2020-ci ilin iyun ayında olmuş və həmin tarixdən sonra bank tərəfindən rəsmi şəkildə cavabdehə hər hansı bir pretenziya məktubu göndərilməmiş, yalnız şifahi telefon zəngləri ilə kifayətlənmişdir. İddiaçı tərəfindən tələb olunan borc məbləğinin faiz hissəsi ilə MMC razı deyildir. Belə ki, sözügedən borc məbləğinin gələcəkdə zamin kimi ödənilməsində AAAF-İnşaat MMC də iştirak etməli olacaqdır. Halbuki, AAAF-İnşaat MMC həmin borc məbləğindən yararlanmamış, sadəcə olaraq mənzilin dəyəri ödənilmişdir. Həmin mənzil cavabdehə təhvil verilmiş və hazırda, cavabdeh müqavilə əsasında alınmış mənzildə yaşayır. Nəticə etibarı ilə, cavabdeh AAAF-İnşaat MMC-nin marağında olan yalnız mənzilin dəyərinin ödənilməsi olmuşdur. Bu səbəbdən də, cavabdeh AAAF-İnşaat MMC həmin faiz borcu məbləği ilə razılaşmadığından 21918.67 manat əsas borcun müştərək qaydada, 4858.68 manat faiz borcunun isə yalnız Cavabdeh1 iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmiş Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək etirazında göstərmişdir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin iddia ərizəsində göstərdiyi xüsusatlar mülki işin həqiqi hallarına tam uyğun olmadığına o faktlar dəlalət edir ki, kredit müqaviləsi üzrə öhdəliyin yarandığı vaxtdan yəni, 14 mart 2014-cü il tarixdən 2020-ci ilin iyun ayınadək 6 il müddətində hər ay 610 manat pulu o, qrafikə uyğun şəkildə davamlı olmaqla banka ödəmişdir. Etiraza əlavə etdiyi pretenziyanın sürətindən də görünür ki, 14 iyun 2021-ci il tarixdə, bankın mərkəzi ofisinə rəsmi qaydada müraciət edib, hazırki digər cavabdehlə aralarında yaranmış ixtilafın qanuni və ədalətli qaydada həll edilməsində müqavilə üzrə öz hüququndan istifadə edə bilmiş olsun. Belə ki, Vakala borc müqaviləsinin 12.5-ci maddəsinə əsasən, borc verənin borc alandan onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuların aradan qaldırmağı tələb etmək hüququ var. Mənzili cari təmir edərkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin onun mülkiyyətinə verdiyi mənzilin naturadakı ümumi sahəsi ilə hüquqmüəyyənedici sənəddə göstərilmiş ümumi sahə arasında əhəmiyyətli dərəcədə fərq var. Mənzilin naturada ümumi sahəsi 74 kv.m olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv.m olaraq göstərilmişdir. Digər tərəfdən, mənzilin 2 ədəd eyvanı, biri 12 kv.m, digəri 18 kv.m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmadığı və həmin eyvanlardan öz mülahizəsinə uyğun olmaqla 8 ildir ki, istifadə edə bilmədiyinə rəğmən "xxxx" MMC qanunsuz olaraq həmin eyvanların ümumi sahəsinin cəmi olan 30 kv.m üçün 3300 manat izafi məbləği mənzilin yekun dəyərinin üzərinə hesablamışdır. Başqa sözlə, qeyd etdiyi faktlar ona dəlalət edir ki, qanuni əsasla əldə etdiyi yaşayış sahəsindən izafi dəyərin hesablanıb əsassız tutulması qanuni mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurur. Müqavilənin 12.5-ci maddəsinin tələbi qaydasında 14.06.2021-ci il tarixdə hazırki iddiaçı banka rəsmi müraciət edib xahiş etmişdir ki, pozulmuş hüququnun aradan qaldırılması məqsədi ilə "xxxx" MMC-dən mənzilin ümumi dəyərindən, yəni mövcud olmayan 16 kv.m x 550 = 8800 manat və 30 kv.m x 110 = 3300 manat izafi hesablanmış məbəğin, ümumilikdə isə 12100 manat pulun əvəzindən geri tələb etsin. Lakin bank rəsmiləri onun haqlı mövqeyini müdafiə etməkdən yayınıb, xeyli müddətdən sonra onun özünə qarşı hazırki tələbi irəli sürmüşlər. Halbuki, izafi hesablanmış 12100 manat məbləğinin əvəzindən alınması həm də bank qarşısında öhdəliyinin icrasına əhəmiyyətli dərəcədə köməklik etmiş olardı. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Azərbaycan Beynəlxalq Bankı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 42000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin “A” kompleksində inşa edilən 11 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m olan iki otaqdan ibarət 2 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli, 30 iş günündən gec olmayaraq qeyd olunan yaşayış sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Müqavilənin 9.2-ci bəndinə əsasən, borcalanın bankda olan cari hesablarında bu müqavilənin icrası ilə bağlı olan əməliyyatlara dair hər hansı bir səbəbə görə debet yaranarsa, bu halda borcalan tərəfindən yaranmış debet qalığını dərhal ödəməli, əks təqdirdə, debet qalığı üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün yaranmış debet qalığından günlərinin faktiki sayına görə hər gün üçün illik 12 faizlə hesablanacaq. Müqavilənin 12.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin “A” kompleksində inşa edilən 11 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m olan iki otaqdan ibarət 2 saylı mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 14.04.2014-cü il tarixdən başlayaraq, 14.03.2024-cü il tarixə kimi hər ay banka 602.58 manat (sonuncu ay isə 602.57 manat) ödəməklə qaytarmalıdır. -14.03.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 həmin tarixdə 49555 manat pul vəsaitini imza edərək rəsmi şəkildə təhvil almışdır. -Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC, kredit alan Cavabdeh1 və zamin AAAF-İnşaat MMC arasında bağlanmış 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 42000 manat və ona hesablanmış faizlər məbləğindədir. -27.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu 25.01.2022-ci il tarixinə 21918.67 manat əsas, 4347.21 manat faiz olmaqla cəmi 26265.88 manat təşkil edir. -05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu 11.11.2021-ci il tarixinə 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat təşkil edir. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və AAAF-İnşaat MMC-yə ünvanlanmış 07.12.2021-ci il tarixli 22-15576/2021 saylı bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli arayışdan görünür ki, Rəhimov X1 rayonu Komanlı Ərazi Dairəsi Şıxlar kəndində qeydiyyatdadır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 02.03.2005-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 2a qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 30.12.1992-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1005, ünvan 3şağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin AAAF-İnşaat MMC bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 171.80 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-dən müştərək qaydada 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borc və ödənilmiş dövlət rüsumuna görə 171.80 manat iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli 09Mİ/14 saylı Vakala Borc müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-dən müştərək qaydada 21918.67 (iyirmi bir min doqquz yüz on səkkiz manat altmış yeddi qəpik) manat əsas, 4858.68 (dörd min səkkiz yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat faiz olmaqla cəmi 26777.35 (iyirmi altı min yeddi yüz yetmiş yeddi manat otuz beş qəpik) manat borc və 171.80 (yüz yetmiş bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar