Məhkəmə qərarları › İş №e-2(012)-1635/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1635/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1635/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin хeyrinə 7372.05 manat əsas, 657.39 manat faiz, 32.93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8062.37 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 101.03 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 18% ödəmək şərti ilə 7847 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 yanvar 2024, bazae ertəsi tarixinə "xxxx" KB ASC-yə 7372.05 manat əsas, 657.39 manat faiz və 32.93 manat cərimə olmaqla, cəmi 8062.37 manat borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" KB ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 60 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərtilə 7847 manat kredit verilmişdir. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də sonradan iki övladı ali məktəblərdə ödənişli təhsil aldığı və işsiz qaldığına görə ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 88nkSTB2/23 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik faiz dərəcəsi 18% olmaqla 60 ay müddətinə, 7847 manat kredit verilmişdir. -Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət ərzində hər ay 200 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -"xxxx" KB ASC oğluna ünvanladığı bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin -Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən -"xxxx" KB ASC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2023-cü il tarixli, **********464200 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X2r. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın "xxxx" KB ASC-yə olan borcu əsas borca görə 7372.05 manat, faiz borcuna görə 657.39 manat, cəriməyə görə 32.93 manat, komisyon haqqına görə 0 manat olmaqla, cəmi 8062.37 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 101.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsi, ev 8-də qeydiyyatdadır. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya əsas borca görə 7372.05 manat, faiz borcuna görə 657.39 manat, cəriməyə görə 32.93 manat, komisyon haqqına görə 0 manat olmaqla cəmi 8062.37 manat borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə, borcun yaranması tədqiq edilmiş sübutlardan, cavabdehin izahatından da öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, 88nkSTB2/23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi banka əsas borca görə 7372.05 manat, faiz borcuna görə 657.39 manat, cəriməyə görə 32.93 manat, komisyon haqqına görə 0 manat olmaql, cəmi 8062.37 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101.03 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 88nkSTB2/23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7372.05 (yeddi min üç yüz yetmiş iki manat beş qəpik) manat, faiz borcuna görə 657.39 (altı yüz əlli yeddi manat otuz doqquz qəpik) manat, cəriməyə görə 32.93 (otuz iki manat doxsan üç qəpik) manat, komisyon haqqına görə 0 (sıfır) manat olmaqla, ümumilikdə, cəmi 8062.37 (səkkiz min altmış iki manat otuz yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 101.03 (yüz bir manat üç qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar