Məhkəmə qərarları › İş №e-2(012)-1643/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1643/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1643/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 2110,26 manat əsas, 196,97 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 2307,23 manat pulun və ödənilmiş 43 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0004054-2022 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi üçün 12 ay müddətinə, illik 40% ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, ZM1-HO0004054-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminli müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, HO0004054-2022 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə ona üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayarq, nəticəsi olmamışdır. Hazırda xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 iddiaçı "xxxx" MMC-yə 2110,26 manat əsas, 196,97 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 2307,23 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0004054-2022 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 40 % dərəcəsi ilə 12 ay müddətinə qaytarmaq şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ZM1-HO0004054-2022 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 "xxxx" MMC qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, HO0004054-2022 saylı kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" MMC-yə 2110,26 manat əsas, 196,97 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 2307,23 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh2 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən ondan, habelə bu öhdəliyin təminatçısı kimi Cavabdeh1 2110,26 manat əsas və 196,97 manat faiz borcu olmaqla, cəmi 2307,23 manat pul alınaraq "xxxx" MMC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, ödənilmiş 43 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 2110,26 manat əsas və 196,97 manat faiz borcu olmaqla, cəmi 2307,23 manat pul və ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar