Məhkəmə qərarları › İş №e-2(012)-1661/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1661/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1661/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çantanın, 1 ədəd Sony markalı batareyanın, 2 ədəd 32 X1 markalı yaddaş kartının və 9 ədəd 64 X1 markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Həmin müqavilələrə əsasən hər bir kameranın dəyəri 9 000 manat müəyyən edilmişdir. Bundan əlavə müqavilələrdən görünür ki, cavabdeh kameraları 17 iyun 2022-ci il tarixdə iddiaçıdan təhvil almalı 18 iyun 2022-ci il tarixdə isə icarə haqları ilə birlikdə kameraları geri iddiaçıya təslim verməli idi. Müqavilə şərtlərinə görə hər bir kameraya görə gündəlik icarə haqqı 52 manat müəyyən edilmişdir. İddiaçı hər iki müqaviləyə uyğun olaraq 17 iyun 2022-ci il tarixdə iddiaçıdan 8 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar təhvil almış, lakin 18 iyun 2022-ci il tarixdə geri yalnız 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqları qaytarmışdır. 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar cavabdehdə qalmışdır. Bundan əlavə cavabdeh 43 və 44 saylı müqavilələrə əsasən 1 gün üçün hesablanmış icarə haqqını tam şəkildə ödəməməmiş və 208 manat borcu qalmışdır. İddiaçı dəfələrlə onda qalan 2 ədəd kameranı və kameranın onda qaldığı günlərə görə əlavə hesablanmış icarə haqqını istədikdə cavabdeh hər dəfəsində müəyyən bəhanələr gətirərək həm kameraları həm də onlara görə hesablanmış icarə haqqını verməkdən boyun qaçırmışdır. Qeyd edilən müqavilələrin 4.2- ci maddəsinə əsasən icarəyə verilən əmlak vaxtında geri qaytarılmasa cavabdeh hər gecikdirilmiş gün üçün 1 kameraya görə 52 manat pulu iddiaçıya ödəməlidir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya 2 ədəd kamera geri qaytarılmalı və həmin kameraların vaxtında qaytarılmamasına görə 19.344 manat pul ödənilməlidir, belə ki 2 ədəd SONY PMW 320 markalı kamera cavabdehdə qaldığından müqavilə şərtlərinə görə həmin kameralara görə icarə haqqı hesablanır. Odur ki, bu günə qədər Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış icarə haqqına görə 208 manat, xx.xx.2022ci il tarixdən etibarən hesablanmış icarə haqqına görə isə 19344 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqavilədən müqavilədən və həmin müqaviləyə əlavə Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan əmlak 1 il müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə təslim edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqavilədən və həmin müqaviləyə əlavə Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan əmlak 1 il müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə təslim edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh icarəyə verilmiş və geri alınmamış 2 ədəd Sony PMW 320 markalı kamera və onların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X1 markalı yaddaş kartı və 9 ədəd 64 X1 markalı yaddaş kartı avadanlıqlara və icarə haqqı üzrə ödənilməyən pullara görə Cavabdeh İddiaçı MMCyə bu günə borc məbləği 19344.00 (on doqquz min üç yüz qırx dörd) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə görə Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.1.maddəsinə görə əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2.1.maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «Qobu Film” MMC ilə Cavabdeh arasında əmlakın icarəsi haqqında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X1 markalı yaddaş kartı və 9 ədəd 64 X1 markalı yaddaş kartı alınaraq İddiaçı MMC-yə verilməli, habelə Cavabdeh 18 iyun 2022-ci il tarixdən etibarən (6 ay 07 gün yəni 187 gün x52man.=9724man və 187 gün x 52 man.=9724 man, cəmi 19448man.) 19.344 manat pul və 203 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 19547 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X1 markalı yaddaş kartı və 9 ədəd 64 X1 markalı yaddaş kartı alınaraq İddiaçı MMC-yə verilməli, Cavabdeh 19.344 manat pul və 203 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 19547 manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar