Məhkəmə qərarları › İş №e-2(012)-167/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-167/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-167/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobilə dəymiş zərərin ödənilməmiş 6905 manatının və avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2800 manat olmaqla, ümumilikdə 9705 manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumu olaraq ödənilmiş 118 manatın Cavabdeh Xaliq qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobil ilə Cavabdeh Xaliq qızı tərəfindən etibarnamə əsasında idarə olunan və X1 məxsus ** TG *** dövlət qeydiyyat nişanlı, Nissan Juke markalı avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehin səhvi ucbatından toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ona məxsus BMW 528 Xl markalı avtomobil Ford Tranzit markalı maşınla da toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da ona məxsus BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəyərək sol yan və ön hissəsi zədələnmişdir. Qeyd edir ki, sözügedən yol nəqliyyat hadisəsinə dair xx.xx.2023-cü il tarixdə ******* saylı X5 protokol və onun əsasında TP ******* saylı qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" avto servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1428 nömrəli qiymətləndirmə aktından da göründüyü kimi, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xİ markalı avtomobilə dəymiş ziyanın ümumi dəyəri 11905 manat məbləğində hesablanmışdır. Qeyd edir ki, hesablanan zərərin 5000 manat miqdarında olan hissəsi sığorta tərəfindən qarşılanmışdır və hazırki zərərin miqdarı 6905 manatdan ibarətdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə saat 13:21-də baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə o, 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan "xxxx" MMC-nin dəymiş ziyanın hesablanmasına dair 1428 saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 11905 manat tələb olunur. İşdə olan "xxxx" MMC-nin dəymiş ziyanın hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 5620 manat tələb olunur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7987/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3144/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilir İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh Xaliq qızı xx.xx.2023-cü ildə saat 13:21-də idarə etdiyi ** TG *** dövlət qeydiyyat nişanlı, Nissan Juke markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının idarə etdiyi “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində iddiaçıya ziyan dəymişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Hüseynova X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" MMC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 11905 manat müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd edir ki, hesablanan zərərin 5000 manat miqdarında olan hissəsi sığorta tərəfindən qarşılanmışdır və hazırki zərərin miqdarı 6905 manatdan ibarətdir. O, həmin məbləğdə pulu cavabdehdən tələb edir. Cavabdeh isə buna etiraz edərək bildirir ki, dəymiş ziyanla bağlı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktı da mövcuddur və həmin akta görə BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 5620 manat tələb olunur. Məhkəmə iclasında o, ziyanın 6160 manat olduğunu qəbul etdi. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş zərərin ümumi məbləği 6160 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən 1428 saylı, xx.xx.2023-cü il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7987/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3144/2024 saylı rəylərini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, 1160 (6160-5000) manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1160 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 31,60 manat hissəsi cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1160 manat və ödənilmiş dövlət rüsumuna görə 31,60 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar