Məhkəmə qərarları › İş №e-2(012)-1734/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1734/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1734/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21.04.2021-ci il tarixli, 101840- 69040/5 saylı kredit müqaviləsi üzrə 4953.03 manat əsas və 893 manat faiz borcu olmaqla, cəmi 5846.03 manat borcun və 78.87 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda, tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (№ 69040) əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 4 ədəd qızıl-zinət əşyasına (583 əyarlı saat, sırğa, üzük) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli, 101840-69040/5 saylı istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 5465 manat krеdit vеrilmişdir. 21.04.2021-ci il tarixli, 101840-69040/5 saylı girov müqaviləsinə əsasən krеdit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 4 ədəd qızıl-zinət əşyası (583 əyarlı saat, sırğa, üzük) saxlanca qəbul edilmə aktına (№69040) əsasən bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 02.02.2022-ci il tarixə borclunun kredit müqaviləsi üzrə 4953.03 manat əsas, 893 manat faiz borcu olmaqla, cəmi 5846.03 manat bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı 07.04.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı 07.04.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq iddiaçı ilə cavabdeh arasında borcun güzəşt edilməsinə dair razılıq əldə olunmadığını bildirmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ASC ilə bağladığı 21.04.2021-ci il tarixli, 101840-69040/5 saylı istehlak krеditi müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 5465 manat krеdit vеrilmişdir. 21.04.2021-ci il tarixli, 101840-69040/5 saylı girov müqaviləsinə əsasən krеdit müqaviləsinin təminatı qismində o, 4 ədəd qızıl-zinət əşyasını (583 əyarlı saat, sırğa, üzük) bankın pul anbarına saxlanca verilmişdir. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan müəyyən səbəblərə görə ödəniş edə bilməmişdir. Hazırda, o, İddiaçı ASC-nin iddia tələblərini qəbul edir və tələb olunan borc məbləği ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 5465 manat kredit verməyi öhdəsinə götürmüşdür. -21.04.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, borcalan bankdan kredit müqaviləsi üzrə 5465 manat pul vəsaitini imza edərək təhvil almışdır. -21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni 21.04.2021-ci il tarixdən başlayaraq, 21.10.2022-ci il tarixədək hər ay banka 367.20 manat (sonuncu ay 367.27 manat) ödəməklə qaytarmalıdır. -Girovsaxlayan Expressbank ASC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı girov müqaviləsindən görünür ki, girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi banka girova saxlanca qoymuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc öhdəliyi üzrə tələb ediləcək əsas borc 5465 manat təşkil edir. -Girov müqaviləsinə əlavə olan 21.04.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, girov qoyan cəmi dəyəri 2316.6 manat, ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saatı, 2 ədəd üzüyü, 1 cüt sırğanı banka girov qoymuşdur. -Girovsaxlayan Expressbank ASC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi barədə 69040 saylı aktdan görünür ki, girovqoyan ona məxsus olan cəmi dəyəri 2316.6 manat, ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saatı, 2 ədəd üzüyü, 1 cüt sırğanı kredit müqaviləsi üzrə kreditinin təminatı olaraq banka girov qoymuş və həmin əşyanı banka təhvil verməklə aktı imzası ilə təsdiq etmişdir. -Expressbank ASC-nin 01.11.2021-ci il tarixli xəbərdarlığından görünür ki, bank tərəfindən borcalana banka olan borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Expressbank ASC-nin 02.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsi üzrə 4953.03 manat əsas, 893 manat faiz olmaqla, cəmi 5846.03 manat borcu vardır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 10.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 78.87 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, iddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 25%lə 5465 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus olan cəmi dəyəri 2316.6 manat, ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saat, 2 ədəd üzük, 1 cüt sırğanın girova qoyulması 21.04.2021-ci il tarixli 101840- 69040/5 saylı girov müqaviləsinin bağlanması ilə rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 281.1. maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Mülki iş materiallarına əlavə olunmuş 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı girov müqaviləsinə əsasən, girovqoyan kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girovsaxlayana ona məxsus olan qızıl-zinət əşyasını girov qoymuş, 21.04.2021-ci il tarixli təhvil-təslim aktına əsasən isə həmin əşyanı banka təhvil vermişdir. Bununla da, bankın girov müqaviləsi bağlandığı və girov predmeti olan əşyanın ona təhvil verildiyi andan həmin əmlaka münasibətdə girov hüququ yaranmışdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 4953.03 manat əsas, 893 manat faiz olmaqla, cəmi 5846.03 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Expressbank ASC ilə bağladığı 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə üzrə müəyyən edilmiş qaydada yerinə yetirməməsi nəticəsində banka 4953.03 manat əsas, 893 manat faiz olmaqla, cəmi 5846.03 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin təmin edilərək həmin borc məbləğinin cavabdehdən tutulması, tutmanın girov predmeti olan cəmi dəyəri 2316.6 manat, ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saat, 2 ədəd üzük, 1 cüt sırğaya yönəldilməsinə dair əsaslı hesab edib təmin edir. Mülki Məcəllənin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Qanunvericiliyin tələblərindən və tərəflər arasında bağlanmış girov müqaviləsinin 5.1ci bəndindən göründüyü kimi, girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bank girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, girov predmeti olan cəmi dəyəri 2316.6 manat, ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saat, 2 ədəd üzük, 1 cüt sırğanın açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh onun digər əmlakına yönəldilməklə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 78.87 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 21.04.2021-ci il tarixli 101840-69040/5 saylı kredit müqaviləsi üzrə 4953.03 (dörd min doqquz yüz əlli üç manat üç qəpik) manat əsas, 893 (səkkiz yüz doxsan üç) manat faiz olmaqla, cəmi 5846.03 (beş min səkkiz yüz qırx altı manat üç qəpik) manat borc və iş üzrə ödənilmiş 78.87 (yetmiş səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı X3 Cəmiyyətinin xeyrinə tutulsun. Tələb iddiaçı X3 Cəmiyyətinə girov qismində qoyulmuş ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saat, 2 ədəd üzük, 1 cüt sırğaya yönəldilsin. Cavabdeh məxsus olan girov qoyulmuş ümumi sayı 5 ədəd olan 583 əyarlı 1 ədəd şüşəsi qırıq olan saat, 2 ədəd üzük, 1 cüt sırğaya tutma yönəldilsin, həmin əşyaların satışından əldə olunmuş vəsaitdən cəmi 5924.9 (beş min doqquz yüz iyirmi dörd manat doxsan qəpik) manat pul vəsaiti X3 Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar