Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1736/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə tərəflərin xx.xx.2013-cü tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan əlavə iddiaçının övladının yaşayış üçün zəruri tələblərini ödəmək üçün maddi imkanı yoxdur. Ərzaq məhsullarının qiyməti qalxmış, infiliyasiya nəticəsində pulun dəyəri düşmüş, 220 manat övladının xərclərini ödəməyə çatmır. Odur ki, iddiaçı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Alimentin artırılması ilə bağlı həmçinin cavabdehdən mediasiya üçün ödənilmiş 50 manat pul məbləği də tutularaq iddiaçıya verilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 22 iyun 2013-cü tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Ər-arvad münasibətlərinin davam etdirilməsi mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan anadan olmuş 22 iyun 2013-cü təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2915/2023 saylı qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Ərzaq, geyim və bütün digər sahələrdə qiymət artımı olduğundan və 2024-cü ilə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən hazırki alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, uşağın saxlanılması hər bir valideynin borcudur. Uşağın yemək, geyinmək, təhsil və əlavə təhsil xərcləri vardır. Bu xərclər böyük məbləğ təşkil edir və həmin məbləğ də iddiaçı tərəfindən ödənilir. Bu halda 15 manat da əlavə olaraq cavabdeh tərəfindən ödənilməsində hər hansı bir problem olmamalıdır. İddiaçının tibb sahəsində təhsil aldığını bilir. Lakin ixtisasının cərrah olduğunu bilmir. Bu barədə onda məlumat yoxdur. 2023-cü ildə iddiaçının hansısa digər bir klinikada 6 (altı) aylıq müqavilə əsasında işləməsi barədə məlumatlıdır. Lakin həmin dövrdə cərrah kimi işləmədiyini dəqiq deyə bilər. İddiaçının cərrah kimi işlədiyini götürsələr belə, bu alimentin artırılmaması üçün əsas deyildir. Çünki uşağı maddi cəhətdən təmin etmək hər bir valideynin borcudur. Cavabdehin müntəzəm gəliri vardır. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 22 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsini əsassız hesab edir. Belə ki, Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu aliment məbləğinin arıtılması üçün əsas götürülə bilməz. Aliment məbləğinin artırılması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 78.2 və 112-ci maddələri ilə tənzimlənməlidir. Bu məsələdə aliment ödəyənin maddi və ailə vəziyyəti əsas götürülməlidir. Cavabdeh yeni ailə həyatı qurmuş və həmin nikahdan 3 (üç) azyaşlı övladı vardır. Ana azyaşlı uşaqlara baxdığına görə işləmir. Həmçinin cavabdeh sadələşdirilmiş vergi ödəyicisidir. Onun aylıq gəliri təxminən 350 manat məbləğindədir. Həmin məbləğdən 220 manatını aliment ödəyir. Qalan 130 manatla isə 3 (üç) uşaqlı ailəni saxlamağın nə qədər çətin olduğunu başa düşmək heçdə çətin deyildir. Çünki həmin uşaqların yemək, geyim və təhsil xərcləri vardır. Digər tərəfdən cavabdeh ailəsi ilə birlikdə kirayədə yaşayır və aylıq 230 manat kirayə haqqı ödəyir. Bu halda aliment məbləğinin artırılması 3 (üç) uşaqlı ailənin vəziyyətini daha da pisləşdirər. Çünki ailənin maddi vəziyyəti qeyd olunanlara əsasən heçdə yaxşı deyildir. Eyni zamanda Konstitusiya Məhkəməsinin plenumunun tövsiyyələrində aliment məbləğinin artırılarkən hər iki tərəfin ailə vəziyyətinin nəzərə alınması qeyd edilmişdir. Eləcə də cavabdehin hər hansı bir daşınar və daşınmaz əmlakı mövcud deyildir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsaslanıb aliment məbləğini artırmaq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə aliment məbləğini artırarkən Ailə Məcəlləsinə əsaslanmalıdır. Eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəf öz tələbini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbi tərəfin iddia ərizəsindəki yazısı ilə sübut olunmur. Bunun üçün məhkəməyə sübut təqdim edilməlidir. Lakin qarşı tərəfin sübutu mövcud deyildir. Verilmiş suallara cavabında qeyd edir ki, nikaha daxil olduqdan 3 (üç) ay sonra iddiaçının öz təşəbbüsü ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Nikahın pozulmasına görə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir təzyiq olmamışdır. İddiaçı tərəfindən ailənin qorunması üçün hər hansı bir cəhd olmamışdır. Hazırki halda ödənilən 220 manat aliment məbləği cavabdehin maddi vəziyyətinə münasibətdə az məbləğ deyildir. Cavabdehin özünə məxsus evi olmadığına görə ailəsi ilə birlikdə kirayədə yaşayır. İddiaçı özü mərkəzi klinikada həkim işləyir. İxtisası cərrahdır. Lakin müraciət etsə də, klinikadan bu barədə sübutu əldə edə bilməmişdir. Cavabdeh özü üçün yüksək əmək haqqı olan iş axtarır. Lakin hazırda belə bir iş tapa bilməmişdir. Cavabdeh hazırda əldə etdiyi gəlirin böyük hissəsini iddiaçıya aliment məbləği kimi ödəyir. Digər qalan az bir hissəsilə isə öz 3 (üç) uşaqlı ailəsini dolandırır. Bu halda ailənin maddi vəziyyətinin nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron Rayon Məhkəməsinin e-2(012)-2915/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 28 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 901894 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 25 yanvar 2014-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsi rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 yanvar 2014-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Şamaxı RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı 11976694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Saimə Süleymanlı xx.xx.2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ruhanə Süleymanova qeyd edilmişdir. Şamaxı RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11048623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Süleyman Süleymanlı xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ruhanə Süleymanova qeyd edilmişdir. AA5281897 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Cavabdeh verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X14 X3 surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat №(VÖEN) **********-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********977800 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 2023-cü ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində dövriyyəsinin 2.100 manat olduğunu bəyan etmişdir. Kirayəyə verən X5 ilə kirayəçi Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, kirayəyə verən X5 tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1 ünvanında yerləşən 55.4 kv.m olan mənzilini xx.xx.2025-ci il tarixədək aylıq 230 manat kirayə haqqı ödəmək şərti ilə kirayəçi Cavabdeh kirayəyə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər.; 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar; 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər birgə nikahda olmuşlar, onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X6 doğulmuşdur. Uşaq iddiaçının himayəsindədir və Abşeron Rayon Məhkəməsinin e-2(012)-2915/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə 28 iyun 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay 220 manat alimentin Cavabdehdan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alimentin məbləğinin artırılmasını xahiş etsə də, qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Həmçinin iddia tələbinə münasibətdə cavabdehin nümayəndəsinin cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin evlilikdən üç uşağının olması, ailəsi ilə birlikdə kirayədə yaşaması və aylıq gəlirinin 350 manat olması barədə sübutları təqdim etməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş sübutlar təqdim olunmadığı təqdirdə iddia təmin edilərsə, təyin olunacaq alimentin miqdarı cavabdehin digər uşaqlarının təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-1736/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1736/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver