Məhkəmə qərarları › İş №e-2(012)-1757/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1757/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1757/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İstehsal Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsal Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə vurulmuş 476,80 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 506,80 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2018-ci ilin mart ayında İddiaçı əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvandakı qaz sayğacına baxış keçirilərkən flyans plombunun sındırıldığı aşkar olunmuş, bununla bağlı akt tərtib olunmuşdur. Həmin akt əsasında 2196 m3 qaz itkisi, yəni 439,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin 2022-ci ilin noyabr ayında tərtib edilmiş akt əsasında MSK-29/1710-03687-1 saylı rəyə əsasən 1002AQ**********1 nömrəli sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, yivli birləşmələrin korroziyaya uğraması müəyyən edilmişdir. Akt əsasında 43,20 manat dəymiş ziyan hesablanmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, qaz sayğaclarında dövri olaraq 5 ildən bir yoxlamalar keçirilir. Belə ki, sayğaclar sökülərək yoxlamaya göndərilir. Hansısa çatışmazlıq varsa aradan qaldırılaraq başqa ünvana quraşdırılır. Əgər sayğaca müdaxilə varsa, aktlar tərtib olunur, sayğac metal qırıntısı kimi təhvil verilir. Həmçinin əgər sayğaca müdaxil edilibsə, akt vətəndaşa məxsus ünvanda tərtib edilir. Lakin bu zaman İddiaçı əməkdaşlarına qapını açmayan və ya tərtib edilmiş aktı imzalamaqdan imtina edən şəxslər olur. Rəy əsasında akt tərtib edilir. Qaz sayğacına vətəndaş təbii qazdan təmənnasız faydalanmaq üçün müdaxilə edə bilər. Sayğacın üzərində 2 (iki) plomb olur. Biri zavod plombu, digər isə paylayıcı tərəfindən qaz sayğacı quraşdırıldıqdan sonra qoyulan məftil plombdur. Sonradan qoyulan məftil plomblar sayğacın vətəndaş tərəfindən açılmaması üçün qoyulur. Əgər plomb məftil paslanıb qırılıbsa, yenisi ilə əvəz edilir. Kənar təsir nəticəsində qırılıbsa, deməli sayğaca müdaxilə etmək məqsədi ilə qırılmışdır. Bunu ilkin vizual baxışda müəyyən etmək olur. Qonşu və ya kənardan keçən şəxsin hansı marağı ola bilər ki, plombu qırsın və vətəndaşın sayğacına müdaxilə etsin ki, həmin vətəndaş qazdan təmənnasız istifadə etsin. Bu ağlabatan deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, sayğaca müdaxil etməmişdir. Çünki həmin ünvanda 10 ildən çoxdur ki, yaşamır. Yaşadığı müddətdə isə istifadə etdiyi qaz sərfiyyatına görə hesablanmış məbləği ödəmişdir. Digər tərəfdən qaz sayğacı ona məxsus fərdi yaşayış evindən çöldə uzaq məsafədə qonşuların sayğacları ilə yan-yana yerləşir. Verilmiş suala cavabında qeyd edir ki, sayğacın flyans birləşməsi onun tərəfindən sındırılmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04543xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləsinin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, 58/1994 saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********10570) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman flyans plombunun sındırılması aşkar edilmiş, bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixli, 58/1994 saylı akt tərtib olunmuşdur. İstehlakçı Cavabdeh həmin aktı imzalamamışdır. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, 58/1994 saylı akta əsasən cavabdehə 2 m3/saat x 6 saat x 60 gün = 432 m3; 5 m3/saat x 10 saat x 60 gün = 900 m3; 0.8 m3/saat x 18 saat x 60 gün = 864 m3; cəmi 2196 m3 (439,20 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********10570) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK-29/1710-03687-1 saylı rəyinə əsasən 1002AQ**********1 nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, yivli birləşmələrin korroziyaya uğraması aşkar edilmiş, bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, ******* akt tərtib olunmuşdur. Dəymiş ziyanın bərpası tələb edilmişdir. Mülki işin materiallarında olan 25 yanvar 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə mart 2018-ci il tarixli akt əsasında 439,20 manat, noyabr 2022-ci il tarixli akt əsasında 43,20 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, cavabdeh barəsində tərtib olunan aktlar birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktlarda cavabdehin imzası yoxdur. Tərtib olunan aktların həqiqiliyini cavabdeh mübahisələndirir, iddiaçı isə aktların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, flyans plombunun sındırılmasında, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsində, yivli birləşmələrin korroziyaya uğramasında, nəticədə sayağaca müdaxilədə cavabdehin təqsiri sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı İstehsal Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar