Məhkəmə qərarları › İş №e-2(012)-1791/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1791/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1791/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və digər zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və digər zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş maddi zərərə görə 2945 (iki min doqquz yüz qırx beş) manat, əldən çıxmış fayda və mənəvi zərər görə 1000 (bir min) manat pulun, ümumilikdə 3945 (üç min doqquz yüz qırx beş) manat pulun və 59.45 (əlli səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 3, 11 saylı 92.6 kv/m. sahəsi olan mənzil onun mülkiyyətindədir. Həmin yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı Cavabdeh adlı şəxsə icarəyə vermişdir. Aralarında olan icarə razılaşmasını rəsmiləşdirilməsi üçün notariusa müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiqlənmişdir. Əmlak tam təmirli və müvafiq əşyalarla təchiz olunmuş şəkildə icarəçinin istifadəsinə verilmişdir. Əmlakın icarəyə verilən zaman mövcud təmir vəziyyəti və əmlakla birgə icarəçiyə verilən əmlaklar tərəfimizdən video görüntüyə alınmış və həmin video yazı sübut qismində məhkəməyə təqdim olunacaqdır. Yaşayış sahəsinin icarəyə verildiyi müddət ərzində tərəfindən icarəçiyə qarşı hər hansı təzyiq və təsir göstərilməmiş və müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. 2023-ci ilin dekabr ayının sonunda icarəçi və hazırki iş üzrə Cavabdeh mənə hər hansı məlumat vermədən və müqavilə şərtlərini kobud formada pozmaqla mənzildən çıxmışdır. Ona bu barədə başqa şəxslər tərəfindən məlumat verildikdən sonra tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin təmirinə və orada olan və ona məxsus əşyalara və avadanlıqlara xeyli miqdarda zərər vurulduğunun şahidi olmuşdur. Bununla bağlı dərhal icarəçi Cavabdeh məlumat verilmiş və mənzilə baxış keçirilməsi üçün dəvət olunmuşdur. Lakin Cavabdeh mənzilin yerləşdiyi əraziyə gəlməkdən və ona dəymiş zərərin ödənilməsindən imtina etmişdir. Bundan sonra ona dəymiş maddi zərərin məbləği hesablanmış və zərər aşağıdakı kimi qiymətləndirilir. 1. Aylıq icarə haqqı üzrə qalıq borc – 1000 manat 2. Kommunal xidmət üzrə ödənilməli olan borc – 205 manat 3. Ofis üçün nəzərdə tutulmuş kreslo – 4 ədəd olmaqla ümumi qiymət 400 manat 4. Mətbəx stolu – 100 manat 5. 4 ədəd qapının kilidinin dəyişdirilməsi və təmiri – 100 manat 6. Tavan mərməri – 50 manat 7. 9 ədəd dekor işıqları və onun təmiri – 190 manat 8. 6 ədəd yer işığı, 5 ədəd divar işığı və onların təmiri – 170 manat 9. Yazı lövhəsinin təmiri – 30 manat 10. Unitazın təmiri – 30 manat 11. Ofis üçün nəzərdə tutulmuş böyük ölçülü stol – 400 manat 12. Mətbəx çayniki – 30 manat 13. Mətbəxin jalüzü – 50 manat 14. Printerin icazəsiz istifadəsi (Canon MF623Cn)– 100 manat 15. Mənzili təhvil götürərkən xadimə və digər təmizlik xərcləri – 90 manat 16. Vurulmuş mənəvi zərər və əldən çıxmış fayda – 1000 manat. Bundan sonra xx.xx.2023-cü il tarixində DİN “102” qaynar xətt nömrəsinə və Yasamal RPİ-nin 26-cı PB-ə rəsmi müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş zərərlə bağlı şikayətçi olduğunu bildirmişdir. Aparılmış araşdırmaların yekunu olaraq həmin bölmənin təhqiqatçısı Anar Həmidli tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərar qəbul olunmuş və həmin qərar əsasında aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ona vurmuş olduğu zərər nəticəsində həmin mənzili təqdirbən 2 ay müddətində başqa icarəçiyə verməyi mümkünsüzdür. Çünki həmin şəxsin vurduğu zərərin aradan qaldırılması üçün xeyli zaman və xərc tələb olunur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil və nümayəndəsi X8 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və bildirdi ki, Cavabdeh tərəfindən qeyd edilən mənzilə heç bir ziyan vurulmayıb, kirayə haqqı da müqavilədə 350 manat nəzərdə tutulmuşdur. Cavabdeh ona verdiyi məlumata əsasən sonuncu ayın kirayə haqqı da ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində yerləşən 3 saylı binada xadimə işləyir. Yanvar ayında İddiaçı onu çağıraraq evin yığışıdırılmasını bildirmişdir. Ev pis gündə idi. Əşyalardan bəziləri yararsız halda idi. 2023-cü ilin dekabr ayında Cavabdeh həyat yoldaşı Sürəyya xanım onu çağırıb evi təmizləməyi xahiş etmişdir. O da 60 manat müqabilində razılaşmışdır. Evi təmizləyərkən, unitazın bakının sındığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, Cavabdeh yanında 2023-cü ilin fevral ayından dərslərdə iştirak edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə kirayə məbləğinin artırılması və bəzi basqılara görə qaldığı evdən ayrıldı. Onlar yeni ofisə köçərkən artıq həmin evə başqa şəxlər kirayə qalmağa başlayırdılar. Həmin mənzildə 3 ədəd kreslodan 1-i əvvəldən qırıq idi. Mətbəx stolları var idi. İşıq spotlarından bəziləri qısqapanma edirdi deyə onlar istifadə edilmirdi. O, kursa başlayanda mətbəx stulunun birinin ayağı qırıq idi. Unitazın qapağını Sürəyya xanımın azyaşlı oğlu qırmışdı. Yeni gələn kirayəşinlər onu düzəltməyi öz üzərinə götürdükləri üçün, onu dəzəltmədilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, 2022-ci ilin fevral ayından Cavabdeh yanında 4 aylıq təhsil almışdır. Ondan sonra aralarında münasibət yaranmış və tez-tez onun yanına gedib-gəlmişdir. Yasamal rayonunda yerləşən mənzildə 1 qırıq kreslo və arxada 2 kreslo görmüşdür. Ev üçün əlavə olaraq aboy işləri görülmüşdür. 2023-cü ilin dekabr ayının əvvəlindən artıq başqa kirayəşinlər gəlməyə başladılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Cavabdeh tələbə olaraq müraciət etmişdir və 2022-ci ildən onun təşkil etdiyi dərslərdə iştirak edir. Erhan bəyin xahişi ilə yeni ofisə köçmək üçün əşyaları daşımağa kömək üçün getmişdir. Əşyalar 1 ədəd masa, 1 ədəd divan, 4 ədəd kreslo, arxa media otağında 2 ədəd masa və 3 ədəd ağ rəngli kreslo var idi. Yusif bəyin çəkisi ağır olduğundan kreslonun biri qırılmışdı və onu təmir etməyə çalışsalar da mümkün olmadı. Unitaz da qırılmışdı. Mehmetcan adlı Erhan bəyin kiçik oğlu qırmışdı. Ağ rəngli masa o 2022-ci ildə həmin evə gedəndə artıq sökülmüşdü. Bir hissəsi mətbəxə qoyulmuşdu. Onlar özəl əşyaları daşımış, lakin ofisə aid bütün əşyalar orada qaldı. Hətta 10 ədəd qara rəngli ofis stullarını da Sürəyya xanımın göstərişi ilə ofisə yığmışdırlar. İşıqlar hamısı işlək vəziyyətdə olub. 2022-ci ildə dərsə başlayanda printer ofisdə olub, lakin işlək vəziyyətdə olmayıb. O, Yusiflə birlikdə 2023-cü ilin avqust ayında 28 May tərəfdə printeri təmir elətdirmiş və 180 manat təmir haqqı köçürmüşlər. Ofisdən çıxanda da printer işlək vəziyyətdə qalmışdı. Çaynik də xarab olmuşdu və yerinə yenisi alınmışdı. Həmin ofis üçün aylıq 1000 manat ödənilirdi. Lakin Svetlana xanım ödənişi 1400 manata qaldırdığı üçün çıxmaq məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, o, mütəmadi olaraq ofisə gedib-gəlmişdir. Sürəyya xanımla münasibəti yaxşı olmuşdur. Svetlana xanım tez-tez ofisə gedib gəlib, dərslərə mane olub, hətta Erhan bəy ofisdə olmayanda belə onun otağına girir, yeni müştəriləri dərs zamanı ofisi gəzdirirdi. Ona görə də Sürəyya xanımla aralarında gərginlik yaranmışdı. Ofisin aboyları Erhan bəy tərəfindən dəyişilb təmir edilmişdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 3, 11 saylı ümumi sahəsi 92.6 kv/m. olan mənzili hər aylıq 350 manat ödənilməklə 1 il müddətinə Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, müqavilə üzrə icarə müddəti xx.xx.2023-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir. İşdə olan Yasamla RPİ 26-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan görünür ki, iş üzrə izahatı alınmış Ufaq Erhan bildirmişdir ki, ev sahibi ondan köhnəlmiş əşyaları tələb etmiş, 24 aylıq kirayə müddətində 23 aylıq ödəniş etmiş, sonuncu ödənişi etməmiş, buna səbəb İddiaçı ona 530 manat borcunun olmasını qeyd etmişdir. Həmin mənzildən heç bir əşya götürməmiş, əksinə həmin evə bir neçə əşya qoymuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ARDNŞ-in Azəriqaz İB-Yasamal Qİİ-nin hesabına 67 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarxili mədaxil qəbzindən görünür ki, Həsənova X1 Telefon Operatorları-BTR MMC, AzEurotel MMC-nin hesabına 9,70 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarxili mədaxil qəbzindən görünür ki, Həsənova X3 ASC- Yasamal ESİ-nin hesabına 37,87 manat ödəniş etmişdir. İşdən görünür ki, tərəflər İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 3, 11 saylı ümumi sahəsi 92.6 kv/m. olan mənzili hər ay 350 manat olmaqla 1 il müddətinə icarəyə verilməsi barədə razılığa gəlmişlər. Bu razılaşma notariat ofisində yazılı şəkildə təsdiq edilmişdir. İddiaçı həmin mənzili 1000 manata icarəyə verməsini bildirsə də, iş materiallarında olan icarə müqaviləsində tərəflərin aylıq 350 manat pula razılaşdıqları öz təsdiqini tapır. Həmçinin həmin icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xərclər, habələ şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçilər tərəfindən ödənilməlidir. Məhkəmə iclaslarında dindirilmiş şahid ifadələrindən də görünür ki, mübahisəli əşyalardan 1 ədəd kresloya görə 100 manat, 1 ədəd elektrik çaynikə görə 30 manat, unitazın qırılmış hissəsinə görə 30 manat, ödənilməmiş kommunal xərclərinə görə 114,57 manat (67+9,7+37,87) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. - 701.2-ci maddəsinə əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: -701.2.1-ci maddəsinə əsasən ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; -701.2.2- ci maddəsinə əsasən icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; -701.2.3-cü maddəsinə əsasən icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; -701.2.4-cü maddəsinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; -701.2.5-ci maddəsinə əsasən. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Beləliklə, işdə olan mötəbər sənədlərlə və şahid ifadələri ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh tərəfindən ödənilməyən bir aylıq kirayə haqqına görə 350 manat, ödənilməmiş kommunal xərclərinə görə 114,57 manat (67+9,7+37,87), 1 ədəd kresloya görə 100 manat, 1 ədəd elektrik çaynikə görə 30 manat, unitazın qırılmış hissəsinə görə 30 manat, cəmi 624,57 manat maddi ziyan vurulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, iddiaçı digər hissələrdə maddi ziyanla bağlı iddiasını sübuta yetirə bilməmişdir. məhkəmə iclasında tədqiq edilmiş CD diskdə və təqdim edilmiş fotoşəkillərdə qeyd edilən daşınar əşyalara ziyan dəyməsi öz əksini tapmamışdır. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “əldən çıxmış fayda və mənəvi zərər görə 1000 (bir min) manat pulun tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “1000 manat məbləğində əldən çıxmış faydanın və mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 59,45 manat dövlət rüsumunun 30 manatı Cavabdehndan İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 29,45 manatı iddiaçının özünə aid edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndan maddi ziyana görə 624,57 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 29,45 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 624,57 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 29,45 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar