Məhkəmə qərarları › İş №e-2(012)-1814/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1814/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1814/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X1 kаtibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəm MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3249,74 manat əsas, 49,48 manat faiz borcu olmaqla, cəmi 3299,22 manat borcun və iş üzrə ödənilmiş 52,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, hazırki tələbə dair mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə 2(012)-1814/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı ASC LPO-nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi iddia icraatı qaydasında baxılması qərarına gəlmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 106.LN.1676.120619.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3781,57 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 106.CL.120619.00002/a nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh1nın kredit üzrə cəmi borcu 3299,22 manat təşkil edir. Bundan 3249,74 manat əsas, 49,48 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********781 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubu və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1 və X2 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh2 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, hazırki iş üzrə iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə maoratoriumun tətbiq olunmasına icazə verilməsi qərara alınmışdır. -Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 106.LN.1676.120619.00002 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz ödənilmək şərtilə 3781,57 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, kreditə görə faizlər borcalanın ssuda hesabının debeti üzrə vəsaitin köçürüldüyü gündən onların kreditorun hesabına daxil edildiyi anadək gündəlik hesablanır və hər ayın 15-dən gec olmayaraq borcalan tərəfindən ödənilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 36.18 artırılmış faizləri kreditora ödəməlidir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx.xx.2017ci il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və kredit üzrə faizlər və onun faizləri tam ödənildikdən sonra qüvvəsini itirir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində hər ay 78,78 manat, sonuncu ay isə 78,91 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən İddiaçı ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 106.LN.1676.120619.00002/a saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, bank tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə borc xəbərdarlıq məktubu alındığı tarixdən 3 gün müddətində ödənilmədiyi təqdirdə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 3249,74 manat əsas, 49,48 manat faiz borcu olmaqla, cəmi 3299,22 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair xx.xx.2020-ci il tarixli **********453100 qeydiyyat nömrəsi ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X3 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli 106.LN.1676.120619.00002 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka sonuncu ödəniş xx.xx.2021-ci il tarixində edilmişdir. -Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iddiaya münasibətdə iddia müddəti tətbiq edilməli və bu əsas ilə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi rədd edilməlidir. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Onların məhkəmə işinə gəldikdə isə, iddia tələbində də göstərildiyi kimi, cavabdehlər Cavabdeh1 və o həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Göründüyü kimi, iddiaçı elə öz iddia ərizəsində də qeyd etmişdir ki, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu, öhdəliyi yerinə yetirməmişdir. Bütün bunlar 2019-2020-ci il aralığında baş vermişdir. Belə olan halda isə iddiaçının tələb etmə hüququ məhz 2019-2020-ci ildən etibarən yaranmışdır, yəni onun öz hüquqlarının “pozulduğunu” bildiyi andan etibarən. Lakin iddiaçı həmin müddət ərzində borcunu tələb etməmişdir. Hazırda isə, tərəflər arasında yaranmış münasibətləri borc münasibətləri kimi qiymətləndirir və elə bu səbəbdən, həmin müqavilədən irəli gələn tələblərə 3 illik iddia müddəti tətbiq edilməlidir. Beləliklə, iddiaçı öz hüquqlarının pozulduğunu 2019-ci ildə bilməli idi. Buna rəğmən, iddiaçı son 5 il ərzində heç bir iddia tələbi irəli sürməmişdir. Bununla da, iddiaçı nəzərdə tutulmuş üç illik tələb müddətini ötürmüşdür. Belə olan halda isə, cavabdehin ərizəsi əsasında iddiaçının iddia tələbinə iddia müddəti müddəti tətbiq edilməklə, onun iddia tələbi rədd edilməlidir. Çünki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, o, e-2(012)-1814/2025 saylı məhkəmə işi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasına iddia müddətinin tətbiq edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbləri əsaslıdır. Lakin məhkəmə araşdırması zamanı cavabdehin iddia müddətinin tədbiqi barədə ərizəsi əsasında məhkəmə həmin ərizəyə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Məcəllənin: 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş xx.xx.2019-cu il tarixli, 106.LN.1676.120619.00002 nömrəli kredit müqaviləsi əsasında müəyyən olunmuşdur ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz ödənilmək şərtilə 3781,57 manat kredit verməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etməli olduğu vaxt qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun hüququnun pozulduğu vaxtdan hesablanır. Belə ki, cavabdeh tərəfindən banka sonuncu ödəniş xx.xx.2021-ci tarixində olmuşdur.Göründüyü kimi, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməli olduğu tarix üç illik hesablanmaqla məhz xx.xx.2021-ci il tarixdən başlanmalı olduğu halda, iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etməklə, iddia müddətini ötürmüşdür. İddia tələbi üzrə hər iki cavabdeh iddia tələbi üzrə eyni məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, iddiaçının borcun tutulmasına dair iddia ərizəsi əsaslı olsa belə iddia müddəti keçdiyindən iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar