Məhkəmə qərarları › İş №e-2(012)-1815/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1815/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1815/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı MMC Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 qızından əsas borc üzrə 1633 manat, faiz borcuna görə 571 manat, cərimə borcuna 84,12 manat, cəmi 2288,12 (iki min iki yüz səksən səkkiz manat on iki qəpik) manat məbləğində borcun və 42,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0270 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 1800 (min səkkiz yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 85 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 Böyükağa qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 Böyükağa qızının əsas borc üzrə 1633 manat, faiz borcuna görə 571 manat, cərimə borcuna 84,12 manat, cəmi 2288,12 (iki min iki yüz səksən səkkiz manat on iki qəpik) manat təşkil edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X1 iddianı qəbul etdiyini, anasının müalicəsi üçün vəsait xərclədiyini daha sonra isə, maddi cəhətdən imkanı olmadığı üçün ödənişləri edə bilmədiyini bildirmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın Cavabdeh2 dair hissəsində işin icraatına xitam verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı MMC QBKT-dan illik 28 %-lə 30 ay müddətinə ödəmək şərtilə 1800 manat kredit götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı MMC QBKT qarşısında kredit öhdəliklərinin təminatını Cavabdeh1 öz üzərinə götürmüşdür. Mülki işin materiallarında xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 həmin tarixə İddiaçı MMC QBKT-na xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1633 manat əsas borc, 571 manat faiz borcu və 84,12 manat cərimə borcu olmaqla, ümumilikdə 2288,12 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 84,12 manat dəbbənin məbləği azaldılmalı və 40 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC QBKT ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh2 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1633 manat əsas borc, 571 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla, cəmi 2244 manat məbləğində pul alınaraq İddiaçı MMC QBKT-na qaytarılmalı, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42,89 manat dövlət rüsumunun 42,44 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 0,45 manatı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1633 manat əsas borc, 571 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla, cəmi 2244 manat və ödənilmiş 42,44 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC QBKT-nın xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 0,45 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar