Məhkəmə qərarları › İş №e-2(012)-1816/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1816/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1816/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə 17 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 337722-1-30363 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 5652.43 manat məbləğində əsas borc, 617.71 manat məbləğində faiz borcu, 287.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6557.99 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85.58 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 337722-1-30363 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 25.90 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% artır (“Artırılmış faiz dərəcəsi”) hesablanması şərti ilə 60 ay müddətinə 6084 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5652.43 manat məbləğində əsas borc, 617.71 manat məbləğində faiz borcu, 287.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6557.99 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı azaldılmış həcmdə müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, maddi imkanı yaxşı olmadığından kredit borcunu ödəyə bilmədiyini, lakin borcun ödənilməsindən boyun qaçırmadığını, vaxt verilərsə borcu hissə-hissə ödəyə biləcəyini qeyd edərək nəzərə alınmasının xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarından olan xx.xx.2021-ci il tarixli 337722-1-30363 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”ndən müəyyən edilir ki, illik 25.90 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir (“Endirilmiş faiz dərəcəsi”) hesablanması şərti ilə 60 ay müddətinə 6084 manat məbləğində kredit borcu qaytarılmasını Cavabdeh İddiaçı ASC qarşısında öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə 337722-1-30363 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə olan borcu 5652.43 manat əsas, 617.71 manat faiz, 287.85 manat cərimə, cəmi 6557.99 manat təşkil edir. Mülki işin materiallarında olan 15 noyabr 2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu 3 (üç) iş günü ərzində ödənilməsi, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 287.85 manat cərimənin məbləği azaldılmalı və 60 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli 337722-1-30363 saylı müqaviləyə əsasən cavabdehin 5652.43 manat əsas, 617.71 manat faiz, 60 manat cərimə, cəmi 6330.14 manat borcunun olması sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 337722-1-30363 saylı müqaviləyə 5652.43 manat əsas, 617.71 manat faiz, 60 manat cərimə, cəmi 6330.14 manat məbləğində vəsaiti pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 85.58 manat məbləğində dövlət rüsumunun 70 manat məbləğində hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 337722-1-30363 saylı müqaviləyə əsasən 5652.43 manat əsas, 617.71 manat faiz, 60 manat cərimə, cəmi 6330.14 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar