Məhkəmə qərarları › İş №e-2(012)-1823/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1823/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1823/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3023,73 manat (əsas borc - 1420.2 manat, faiz borcu - 1603.53 manat) məbləğində borcun və 51 manat dövlət rüsumunun tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 263/2016 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 25 faiz hesablanmaq şərti ilə 36 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 1420,2 manat, faiz borcu 1603,53 manat olmaqla, ümumilikdə 3023,73 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixli 263/2016 saylı kredit müqaviləsi üzrə 1420,2 manat, faiz borcu 1603,53 manat olmaqla, ümumilikdə 3023,73 manat borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/4311/2024 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, iş materiallarında olan hesabdan çıxarış, 31 oktyabr 2016-cı il tarixli, 263/2016 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 31 oktyabr 2016-cı il tarixli, 263/2016 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə "xxxx" MMC-ə olan borcu ümumilikdə 1951,28 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə (sualda qeyd edilən tarixə)-əsas kredit borcu: 1696,49 manat, faiz borcu-254,78 manat. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh Cəmiyyətin xeyrinə tutulmalıdır. Bank bu borcu özünün xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin mübahisənin daha obyektiv həll edilməsini nəzərə alan məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə müəyyən olunmuşdur ki, Cavabdeh məlum kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 1696,49 manat, faiz borcu üzrə isə 254,78 manat təşkil edir. Məhkəmə ekspertin həmin rəyini borcun tutulması üçün daha mötəbər sübut hesab edir, bununla belə MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq faiz borcunun məhz bu məbləğdə olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1420,2 manat əsas borc, 254,78 manat faiz borcu olmaqla, cəmi 1674,98 manat pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 51 manat məbləğində dövlət rüsumunun 36,75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin cavabdehdən ekspertiza xərci olaraq 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1420,2 manat əsas borc, 254,78 manat faiz borcu olmaqla, cəmi 1674,98 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36,75 manat dövlət rüsumuna görə pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza xərci olaraq 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar