Məhkəmə qərarları › İş №e-2(012)-1851/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1851/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1851/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 4864,30 manat əsas, 5,28 manat faiz borcu olmaqla, cəmi 4869,62 manat və dövlət rüsumu olaraq ödənilmiş 69 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 11 dekabr 2019-cu il tarixli, LM121900412 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 5055.39 (beş min əlli beş manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh2 ilə Bank arasında 29 iyun 2020-ci il tarixli, LM062000801 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 kredit üzrə cəmi borcu 4869.62 (dörd min səkkiz yüz altmış doqquz manat altmış iki qəpik) manat təşkil edir. Bundan 4864.30 (dörd min səkkiz yüz altmış dörd manat otuz qəpik) manat əsas, 5.28 (beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********755 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, LM121900412 saylı Restrukturizasiya müqaviləsinə əsasən cavabdehə illik 1 % dərəcəsi ilə 60 ay müddətinə 5055,39 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. İşdə olan 11 dekabr 2019-cu il tarixli, LM121900412 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 İddiaçı ASC qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi üzrə xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə 4864,30 manat əsas, 5,28 manat faiz borcu olmaqla, cəmi 4869,62 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişdən görünür ki, cavabdeh 05 oktyabr 2023-cü il tarixinə 4865.97 (dörd min səkkiz yüz altmış beş manat 97 qəpik) manat təşkil edir, bundan 4864.30 (dörd min səkkiz yüz altmış dörd manat 30 qəpik) manat əsas, 1.67 (bir manat 67 qəpik) manat faiz borcunun olması və gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan iddia ərizəsində olan məlumatdan görünür ki, 69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərdən hesablanmış faiz borcunun tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlərə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1,67 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 69 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumunun 0,34 manatı iddiaçıya, 68,66 manatı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında Restrukturizasiya müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, habelə zaminlik müqaviləsi qüvvədə olduğundan Cavabdeh1 və Cavabdeh2 4864,30 manat əsas, 1,67 manat faiz borcu olmaqla, cəmi 4865,97 manat borc, həmçinin ödənil miş dövlət rüsumuna görə 68,66 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 0,34 manat hissəsi iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4864,30 manat əsas, 1,67 manat faiz borcu olmaqla, cəmi 4865,97 manat və dövlət rüsumuna görə ödənilmiş 68,66 manat məbləğində pul tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 0,34 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar