Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1874/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 302,40 manat dəymiş ziyan, debitor borc kimi hesablanmış 506,51 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 838,91 manat pulun Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci tarixində 14/1220 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00042 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40015822 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, həmçinin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qazsayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Belə ki, saldo məlumatlara əsasən: 2020-ci ilin aprel-dekabr ayları üzrə - 90,20 manat sərfiyyat borcu olmuşdur. 2021-ci ilin yanvar-dekabr ayları üzrə - 470,95 manat sərfiyyat borcu və 11,20 manat (limitdən artıq istifadə etməsi səbəbi yaranmış sərfiyyat borc), cəmi 482,15 manat borcu olmuşdur. 2022-ci ilin yanvar ayı üzrə - 74,16 manat sərfiyyat borcu olmuşdur (90,20+482,15+74,16=646,51 manat). 2020-ci ilin iyun ayından 2022-ci ilin yanvar ayına qədər Cavabdeh 140 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavandehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 506,51 manat borcu qalmışdır (646,51-140=506,61 manat). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 808,91 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini akt əsasında dəymiş zərərin qaytarılması hissəsində qəbul etmədiyini bildirərək göstərdi ki, o, sayğac olan evdə 2020ci ildən yaşamağa başlamış və onun evinə sayğac quraşdırılmışdır. Sayğac üzrə ödəmə edəndə ona məlum olmuşdur ki, cərimə borcu var. Cavabdeh sayğac üzrə debitor borcunu etiraf etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci tarixində 14/1220 saylı müqaviləyə əsasən sonuncunun Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00042 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00042 olan Cavabdeh Abşeron rayonu Hökməli kəndində yerləşən evinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdə baxış keçirilərkən həmin ünvanda sayğacdan öncə qoşulma müəyyən edilərək, müvafiq qaydada ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 302,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, mübahisəli akt sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edilməsi əsası ilə tərtib edilmişdir. Həmçinin iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktın tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyanın” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini Mülki- Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın bu hissədə əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, MPM-nin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-ci ilin aprel ayından 2022-ci ilin fevral ayınadək 506,51 (90,20+470,95+11,20+74,16- 140) manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********00042) debitor borca görə 506,51 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1874/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1874/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver