Məhkəmə qərarları › İş №e-2(012)-1876/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1876/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1876/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə akt əsasında vurulmuş 583,20 manat məbləğində zərərin, təbii qazdan istifadəyə görə hesablanmış 417,40 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 30,01 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00100 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40012807 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşulmuş, təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat İddiaçı İB-yə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin onun dəyəri ödənilməmişdir. Belə ki, saldo məlumatlarına əsasən: 2020-ci ilin may-dekabr ayları üzrə - 75,90 manat sərfiyyat borcu olmuşdur. 2021ci ilin yanvar-dekabr ayları üzrə - 333,90 manat sərfiyyat borcu və 27,60 manat (limitdən artıq istifadə etməsi səbəbilə yaranmış sərfiyyat borcu), cəmi 361,50 manat borcu olmuşdur (75,90+361,50=437,40 manat). 2020-ci ilin iyun ayından 2021-ci ilin dekabr ayına qədər cavabdeh 20 manat ödəniş etmişdir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 1000,60 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri qeyd edib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini akt əsasında dəymiş zərərin qaytarılması hissəsində qəbul etmədi, debitor borcunu isə etiraf etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1814 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşdə olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında (abonent kodu: **********00100) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan “istehlakçı” Cavabdeh adına olan **********00100 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 1000,60 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, mübahisəli akt sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edilməsi əsası ilə tərtib edilmişdir. Həmçinin iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktın tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyanın” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini Mülki- Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın bu hissədə əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək 417,40 (75,90+333,90+27,60-20) manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********00100) debitor borca görə 417,40 manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar