Məhkəmə qərarları › İş №e-2(012)-1879/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1879/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1879/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə akt əsasında vurulmuş 302,40 manat məbləğində zərərin, təbii qazdan istifadəyə görə hesablanmış 244,70 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1699 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00251 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40016267 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşulmuş, təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat İddiaçı İB-yə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin onun dəyəri ödənilməmişdir. Belə ki, saldo məlumatlarına əsasən 2020-ci ilin aprel-dekabr ayları üzrə - 45,20 manat sərfiyyat borcu olmuşdur. 2021ci ilin yanvar-dekabr ayları üzrə - 240,50 manat sərfiyyat borcu olmuşdur. (45,20+240,50=285,70 manat). 2020-ci ilin aprel ayından 2021-ci ilin dekabr ayına qədər cavabdeh 41 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 244,70 manat borcu qalmışdır (285,70-41=244,70 manat). Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 547,10 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri qeyd edib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini akt əsasında dəymiş zərərin qaytarılması hissəsində qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı tərəfindən ona tərtib edilmiş akt qanunsuz və əsassızdır, çünki onun tərəfindən qaz xəttinə kənar qoşulma mümkün deyildir. Cavabdeh sayğac üzrə debitor borcunu etiraf etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1699 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında (abonent kodu: **********00251) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. İş materiallarında olan “istehlakçı” Cavabdeh adına olan **********00251 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 547,10 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tərəfindən tərtib edilmiş aktda yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktın tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Təsvir edilənlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulma ilə əlaqədar tərtib edilən məlum aktın yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyanın” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini Mülki-Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-ci ildən 2021-ci ilin dekabr ayınadək 244,70 manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh **********00251 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 244,70 manat pul və dövlət rüsumu üçün ödənilmiş pulun 20 manat hissəsi tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar