Məhkəmə qərarları › İş №e-2(012)-1899/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1899/2022

24.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1899/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30800076 kodlu, JN-003A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X1”nın “İddiaçı2” və “X3”nun “İddiaçı1” kimi oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. İşdən görünür ki, hazırki tələb hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı tələbdir. Qüvvədə olan prosessual qanunvericiliyə görə bu kateqoriyadan olan işlərə xüsusi icraat qaydasında baxılmalıdır. Belə ki, MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İşdən görünür ki, İddiaçı1 və İddiaçı2 hazırki iddia ərizəsində özlərini iddiaçı, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsini isə cavabdeh kimi göstərmişlər, bu isə MPMnin 306.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə izah edir ki, İddiaçı1 və İddiaçı2 hüquqmüəyyənedici sənədlərin onlara məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi ilə bağlı qanuna uyğun qaydada xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin işdən görünür ki, iddiaçılar hər biri sənədin onlara məxsus olması barədə tələb irəli sürmüş, lakin cəmi 100 manat dövlət rüsumu ödəmişlər. Halbuki, qüvvədə olan qanunvericiliyə görə onların hazırki ərizəsi üzrə ümumilikdə 200 manat (100+100) məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, hər iki ərizəçi Bakı şəhəri, Qaradağ rayonunda qeydiyyatdadır, lakin onlar hazırki ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar