Məhkəmə qərarları › İş №e-2(012)-1923/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1923/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1923/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 və Cavabdeh1 qarşı «həkim səhvi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 və həkim Cavabdeh1 ödənilən 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ilk dəfə 2022-ci ilin axırları ATU X1 plastik cərahiyyə üzrə şöbə müdiri Cavabdeh1 adlı həkimin yanında qəbulda olmuş, Adil həkimə qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarını etdirmək istədiyini bildirmiş, daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən cərrahi əməliyyat olunmuş və bütün əməliyyatlara cəmi 15000 manat ödəniş etmişdir. Belə ki, o, Tərlan Əliyeva adlı ordinator-həkimə 12000 manat məbləğində pul ödəmiş, ancaq sonradan həmin şəxsin pulu ödəmədiyi və özünə götürdüyü aydın olmuşdur. Qeyd edir ki, onun tərəfindən klinikaya 1800 manat məbləğində ilkin ödəniş edilmiş, əməliyyat aparılmasına görə Cavabdeh1 ilə 11250 manata razılaşmışdır, amma ona verilmiş çek ilə yalnız qeyd edilən məbləğin 1200 manatlıq hissəsinin klinikaya ödənildiyi öz təsdiqini tapır. Xəstəxana vergidən yayınmaq üçün onun ödədiyi pulun çeklərinin hamısını verməmişdir, ancaq icra olunan iki əməliyyatı mamoplastika və abdominaplastika əməliyyatlarını qeyd etmiş, digər əməliyyatları isə qeyd etməmişdir. Əməliyyatdan əvvəl o, müayinə zamanı ona sinə implantını 475 mml ölçüsündə qoyulmasını istəmiş, lakin əməliyyat zamanı həkim onun sinə nahiyəsinə 425 mml ölçüsündə implant qoymuş, daha böyüyünün qoyulmasının mümkün olmadığını bildirmişdir. Daha sonra Cavabdeh1 öz izahatında sinə implantının 450 mml ölçüsündə qoyulmalı olduğunu qeyd etmişdir, halbuki onda sinə implantının 475 mml ölçüsündə qoyulması ilə bağlı razılaşdıqlarını təsdiq edən yazışmalar da mövcuddur. Qeyd edir ki, Cavabdeh1 onun bədəninə köhnə implant yerləşdirmişdir. Bundan əlavə popo nahiyəsindəki kəsik və yanıq izləri də qalmış, göz əməliyyatı da müvəfəqiyyətli olmamışdır, belə ki, göz üstü ət tam götürülməmiş, sağ gözün daxili küncündə kobud çapıq izi və saplar qalmışdır. Həmçinin onun üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurulmalı olsa da həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam ərimişdir. Onun popo nahiyəsi eybəcərləşmiş, çökək olmuş, qarın nahiyəsindən isə piy çəkiləndən sonra diastazim daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sinə nahiyəsində sallaqlıq, qoluq altına düşmə, asimmetriya isə aradan götürülməmişdir. Bu da bir daha keçirilən əməliyyatın uğursuz olduğunu sübut edir. Nəsimi rayon prokurorluğunda araşdırma zamanı həkim onun tərəfindən 12000 manat ödənildiyini etiraf etmişdir. Lakin Nəsimi rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, əsas kimi də təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının 791/KEŞ saylı rəyi götürülmüşdür. Həmin rəydə göstərilmişdir: “Əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Eybəcərləşmə məhkəmətibbi məfhum deyildir”. Onun etdirdiyi əməliyyat isə adı üstündə plastik əməliyyatlardır, yəni gözəlləşmək üçün edilən əməliyyatlardır. Buna isə ekspertiza rəy verə bilmədiyi üçün müştəri məmnuniyyəti əsas götürülməlidir. O isə müştəri kimi nəticədən məmnun deyildir. Bildirir ki, onun sağlamlığına zərər dəymiş, Cavabdeh1 tərəfindən düzgün texniki əməliyyat aparılmamışdır, onun bədənində hələ də qüsurlar vardır, həmçinin iddia edir ki, ekspertiza zamanı onun bədəninə baxış keçirilməmişdir və cavabdeh tərəf sənədləri saxtalaşdırmaqla çətin vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 və həkim Cavabdeh1 müştərək qaydada ödədiyim 15000 manat pul tutulub ona ödənilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, iddiaçı üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir. Əməliyyat nəticəsində iddiaçının səhhətində problemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, araşdırma zamanı verilmiş ekspert rəyində iddiaçının sağlamlığı ilə bağlı məsələlərə toxunulsa da bədənin estetik cəhətdən vəziyyəti ilə bağlı məsələlərə toxunulmamış, gözəlliyin ekspertiza predmeti olmadığı vurğulanmışdır. İddiaçının sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan aldıqları rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Cavabdehlər iddiaçının külli miqdarda pulunu mənimsəmişdirlər və vergidən yayınmaq üçün bəzi məbləğlərin alınması barədə qəbz əllə yazılaraq iddiaçıya təqdim edilmişdir. Odur ki, qeyd edilənlər əsasında o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X1 nümayəndəsi X6 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı dəymiş ziyan ilə bağlı digər Cavabdeh1 məsuliyyət daşıyır, belə ki, onlara ödənilən pul məbləğindən həkim Cavabdeh1 ödəniş etmək qadağan olunmuşdur. Belə ki, iddiaçı tərəfindən onlara 1200 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdə pulun kassaya ödənilməsini təsdiq edən qəbz də mövcuddur. Lakin tələb olunan pul məbləğinin qalan hissəsinin Cavabdeh1 ödənilməsi barədə onların məlumatı yoxdur və iddiaçının həkim ilə öz aralarındakı razılaşmaya görə onlar cavabdehlik daşımırlar. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X1 nümayəndəsi X6 məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinə dair Azərbaycan Respublikası MPMin 149-cu maddəsinə qeyd olunanlara əsasən forma və məzmununa dair qaydalara riayət etməmişdir. Belə ki, nə maddi hüquq norması, nə də prossesual hüquq norması göstərilməmişdir. İddia ərizəsində dövlət rüsumu Abşeron Rayon Məhkəməsinə deyil, Sumqayıt Apellyasiya Məhkəməsinə ödənilməsi göstərilmişdir. Qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 152-ci madəsinə əsasən iddia ərizəsini qaytarılması haqqında qərardad qəbul etməli olduğu halda əksinə icraata götürmüşdür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul olunur. İddia ərizəsindən göründüyü kimi tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan əmələ gələn öhdəliklə bağlıdır. Göründüyü kimi Nəsimi Rayon Prokurorluğunda da araşdırılma aparılmış və həkim Cavabdeh1 12000 manatın aldığını etiraf etmiş və həmin əməliyyatı da icra etmişdir. Həkim Cavabdeh1 Azərbaycan Tibb Universitetinin əməkdaşıdır. Azərbaycan Respublikası MPM-in 50.3cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi haqqında Ali Məhkəmənin Plenimum qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən o, X1 cavabdeh siyahısından çıxarılması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı estetik əməliyyatını, həqiqətən də Cavabdeh1 icra etmişdir, lakin iddiaçı cavabdehin apardığı əməliyyatın nəticəsindən narazıdır. Qeyd edir ki, gözəllik nisbi məfhumdur, bir şəxs üçün gözəl olan şey digər şəxs üçün çirkin hesab edilə bilər. Belə ki, Cavabdeh1 tərəfindən əməliyyat uğurlu keçmiş və düzgün qaydada icra edilmişdir, bu fakt ekspert rəyləri ilə də təsdiq olunur. İddiaçı özəl xəstəxanalardan biri tərəfindən verilmiş arayışa gəldikdə isə hesab edir ki, bu sənəd məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Qeyd edir ki, ekspert rəyləri ilə təqdim edilmiş arayış arasında ziddiyyət vardır, belə ki, ekspert rəyində əməliyyatdan sonra iddiaçının bədənində diastaz (şişlik) olmadığı, arayışda isə bunun tam əksi olaraq iddiaçıda diastaz mövcud olduğu göstərilmişdir. Bildirir ki, bu məsələ prokurorluqda kifayət qədər araşdırılmış, iki dəfə ekspert rəyi alınmış və həmin rəylərdə iddiaçının bədənində qüsurların olmadığı müəyyən edilmiş, nəticədə iki dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin əməliyyatdan sonra iddiaçının səhhəti ilə bağlı bir sıra sənədlər təqdim olunsa da bu sənədlər estetik əməliyyatlar üzrə mütəxəssis olan həkimlər tərəfindən verilən rəylər deyildir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 oktyabr 2023-cü il tarixli, 421-C-23 nömrəli qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X4”na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumaların piylənməsi, Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu təyin edilmiş və diaqnoza uyğun “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan “Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma qeyd edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi və əlavə araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 01 mart 2024-cü il tarixli, 421-C-23 nömrəli qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu bi il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X4”na daxil olmuş və müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumalarının piylənməsi. Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan "Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsad müəyyən edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və material ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə göndərilməsi, ATU-nun X3 həkim-plastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyyən hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X1 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X2 İddiaçı üzərində “Liposaksiyalipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçı cərrahiyyə əməliyyatların nəticəsindən narazı qalmış, əməliyyatın uğursuz olduğunu, əməliyyatın texniki cəhətdən düzgün yerinə yetirilmədiyini, onun sağlamlığına zərər dəydiyini iddia edərək məhkəməyə müraciət etmiş və iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2,1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 oktyabr 2023-cü il və 01 mart 2024-cü il tarixli, 421-C-23 nömrəli qərarları əsasında müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı və xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəylərindən göründüyü kimi ekspert komissiyası İddiaçı üzərində icra edilmiş plastik əməliyyatların səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirildiyi nəticəsinə gəlmiş, nəticədə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2024cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və material ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə göndərilməsi, ATU-nun X3 həkim-plastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci və 1112-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanUnivericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1112-ci maddısinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin, məhkəmədə süburların tədqiqatı zamanı əməliyyatın uğursuz olması ilə bağlı iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçının və nümayəndəsinin məhkəmədə verdiyi izahatları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını təstiq edən mötəbər sübutlar müəyyən edilməmiş,iddiaçı tərəfinin izahatları digər mötəbər sübutlarla təstiqini tapmamış, İddiaçı tərəfindən özəl kilinikadan alınaraq məhkəməyə təqdim etdiyi arayışda göstərilən xüsusutlar iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyi ilə təkzib olunmuş, həmin rəydə əməliyyatdan sonra iddiaçının bədənində diastaz (şişlik) və qüsurların olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsaslanaraq iddiaçı və onun nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. Bundan başqa İddiaçı izahatında onun bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi və həkim Cavabdeh1 tərəfindən vergidən yayınma halları ilə bağlı göstərdiyi xüsusatlara iş materiallarında olan Nəsimi rayon prokurorluğunun 10 may 2024-cü il tarixli qərarında qiymət verildiyindən məhkəmə yenidən həmin hallara qiymət verilməsinə zərurət görməmişdir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 və Cavabdeh1 qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 və həkim Cavabdeh1 ödənilən 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar