Məhkəmə qərarları › İş №e-2(012)-200/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-200/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-200/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 21 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962,38 ABŞ dolları əsas borc, 1250,09 ABŞ dolları faiz borcu, 255,59 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 914,85 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 5382,91 ABŞ dolları kredit borcunun və 111,51 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 21 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) illik 28 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 21 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2022-ci il may ayının 20-dək Cavabdeh2 banka 21 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962,38 ABŞ dolları əsas borc, 1250,09 ABŞ dolları faiz borcu, 1022,34 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək illik 5 faizlə hesablanmış 914,85 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 6149,66 ABŞ dolları borcu vardır. Cavabdeh2 21 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1022,34 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 255,59 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi, lakin bildirdi ki, bank hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Buna görə də mübahisəyə iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. O, bu barədə ərizə təqdim etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işin materiallarında olan 21 aprel 2015-ci il tarixli 4-M-1-0-173-15 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 21 aprel 2015-ci il tarixli 4-M-1-0-173-15 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh1 eyni tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 21 aprel 2015-ci il tarixli 4-M-1-0-173-15 saylı kredit müqaviləsi üzrə 2962,38 ABŞ dolları əsas borc, 1250,09 ABŞ dolları faiz borcu, 1022,34 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək illik 5 faizlə hesablanmış 914,85 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 6149,66 ABŞ dolları borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022 il tarixli 4/1380 saylı rəyindən görünür ki, 2(012)-3604/2022 nömrəli mülki işin 16-cı vərəqəsində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 4-M-1-0-173-15 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalardan, i/v 19-da olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 4-M-1-0-173-15 saylı zaminlik müqavilə “Borcalan” qrafasındakı imzadan, xx.xx.2015-ci il tarixli kassa məxaric orderində “Təhvil aldım” qrafasındakı imzadan, i/v 18-də olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 4-M- 1-0-173-15 saylı kredit müqaviləsinə 1 saylı əlavədə “Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9488 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-M-1-0-173-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 4612,23 ABŞ dolları; faiz borcu üzrə 1761,36 ABŞ dolları. xx.xx.2022-ci il tarixə (sualda soruşulan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla): əsas borc üzrə 2.996,38 ABŞ dolları; faiz borcu üzrə 2.683,66 ABŞ dolları. İş materiallarında olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, hazırki iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 21 aprel 2015-ci il tarixli 4-M-1-0- 173-15 saylı kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilir ki, məlum kredit müqaviləsi üzrə borc iddia ərizəsində göstərildiyi kimidir, yəni 2962,38 ABŞ dolları əsas borc, 1250,09 ABŞ dolları faiz borcu, 255,59 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək illik 5 faizlə hesablanmış 914,85 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 5382,91 ABŞ dolları təşkil edir. Bu borcu Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9488 saylı rəyi də təsdiq edir. Bununla belə, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit münasibətləri 21 aprel 2015-ci il tarixdə yaranmışdır. Bu müqavilənin müddəti 24 aydır və bitmə tarixi 21 aprel 2017-ci ildir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum kredit müqaviləsi üzrə pulun tutulmasına dair tələbetmə müddəti "xxxx" ASC tərəfindən ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti 24 ay müddətinə (xx.xx.2017-ci il) göstərilmişdir. Beləliklə, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2020-ci il olduğundan, məhkəmə hesab edir ki, "xxxx" ASC vaxtında məhkəməyə müraciət etməmişdir, yəni kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İşdən görünür ki, borclu məlum kredit müqaviləsi üzrə sonuncu ödənişini xx.xx.2019cu ildə, yəni müqavilə hələ qüvvədə olan zaman etmiş, iddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Əsas öhdəlik üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, zaminlik öhdəliyi barəsində də iddiaçı tələb etmə müddətini ötürmüşdür və buna görə də iddia Cavabdeh1 dair hissədə də təmin edilməməlidir. Belə ki, hazırki kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 111,51 manat dövlət rüsumu ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri isə 210 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci kimi tələb edilən 210 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertizanın dəyəri kimi 210 manat pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar