Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2018/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Baş Ali Mehmet oğlu (Bas Ali) və X3 (Cavabdeh2) qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Baş Ali Mehmet oğlundan (Bas Alidən) və X1 (Cavabdeh2) müştərək qaydada 12859,16 manat əsas borc, 871,87 manat faiz borcu olmaqla, ümumilikdə 13731,03 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131,19 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Baş Ali Mehmet oğluna (Bas Aliyə) tərəflər arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, İK1013580 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq X2 (Cavabdeh2) zamin qismində iştirak etdiyi üçtərəfli 23 iyun 2022-ci il tarixli, 1013580/27419 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə zamin borcalanın kreditor qarşısında kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Baş Ali Mehmet oğlunun (Bas Alinin) tərəflər arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, İK1013580 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 12859,16 manat əsas borc, 871,87 manat faiz borcu olmaqla, ümumilikdə 13731,03 manat kredit borcu öhdəliyi var. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Bas Ali və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borc alan Baş Ali Mehmet oğlu (Bas Ali) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə bank borcalana şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə 17000 manat məbləğində illik 17 faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması, ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli, 1013580/27419 saylı zaminlik müqaviləsindən görünür ki, 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə zamin X4 (Cavabdeh2) borclu Baş Ali Mehmet oğlu (Bas Ali) ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Baş Ali Mehmet oğlunun (Bas Alinin) "xxxx" ASC-yə 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi üzrə 12859,16 manat məbləğində əsas borcu, 871,87 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 13731,03 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, "xxxx" ASC ilə Baş Ali Mehmet oğlu (Bas Ali) arasında 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi və kredit üzrə öhdəliyin icrasının təminatı olaraq 23 iyun 2022-ci il tarixli, 1013580/27419 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Baş Ali Mehmet oğlu (Bas Ali) 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Baş Ali Mehmet oğlu (Bas Ali) 23 iyun 2022-ci il tarixli, İK ******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan X1 (Cavabdeh2) öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 131,19 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Baş Ali Mehmet oğlu (Bas Ali) və X1 (Cavabdeh2) müştərək qaydada 12859,16 manat məbləğində əsas borcu, 871,87 manat məbləğində faiz borcu olmaqla, cəmi 13731,03 manat məbləğində borc, ödənilmiş 131,19 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2018/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2018/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver