Məhkəmə qərarları › İş №e-2(012)-2026/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2026/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2026/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun övladı xx.xx.2016-cı il təvəllüdlü X18 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 əsl Cavabdeh2 ilə əvəz edilməklə Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin də cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 İddiaçı keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X18 anadan olmuşdur. xx.xx.2015-ci il tarixdən iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı gəlin köçərkən mənzil Dövlət Mənzil Fonduna aid olmuşdur. Gəlin köçdüyü müddətdən bəri iddiaçı cavabdeh və onun ailə üzvləri ilə birgə təsərrüfatı idarə edir. Bir müddət sonra evdə baş verən narazılıqlar nəticəsində cavabdehin iddiası əsasında Zəngilan rayon Məhkəməsinin 2(034)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan uşağın iddiaçının himayəsinə verilməsi, uşağın saxlanılması üçün alimentin və xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehin valideynləri ilə birlikdə yaşayır, cavabdeh özü də orada yaşayır. İddiaçının oğlu autizm xəstəsidir. Anası iddiaçıya köməklik edir, loqosa hər ay 360 manat ödəyir, autizm xəstəsi olduğu üçün psixi təlimlərə gedir, nevroloji müalicəsinə 160 manat ödəyir. Bu səbəbdən də, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh iddiaçının keçmiş qaynatasıdır, iddiaçı cavabdehin oğlu ilə 2015-ci ildə nikaha daxil olmaqla həmin tarixdə mübahisəli mənzilə köçmüşdür. Mənzil dövlət tərəfindən verilmiş, bu günə qədər iddiaçı həmin evdə yaşayır. İddiaçının nikahı pozulmuş, birgə nikahlarından olan uşaq autizm xəstəsidir. İddiaçının yaşayış üçün başqa yeri yoxdur. Hesab edir ki, mənzil şəxsi mənzil deyildir, ona görə də dövlət fonduna aid müvəqqəti verilmiş mənzildir. İddiaçı özü də məcburi köçkün statuslu şəxsdir. Bu səbəbdən də, iddiaçı hazırda da orada yaşayır, əsas məqsəd rəsmiləşdirməkdir ki, gələcəkdə mübahisənin olması istisna deyildir. Azyaşlının məktəbi, təlimləri və digər müəssisələr sözügedən mənzilə yaxındır. Mübahisələr hazırki müddətdə yaranmış, buna qədər hər hansı bir problem yaranmamışdır, bu səbəbdən də, iddiaçı aidiyyəti quruma müraciət etməmişdir. Cavabdehin aldığını qeyd etdiyi mənzil dövlət qurumlarının yerləşdiyi ərazidəki balaca mənzildir ki, vətəndaşlar formal xarakterli həmin ərazi üzrə qeydiyyata alınırlar. İddia ərizəsinin verilməsinin əsas məqsədi gələcəkdə problem olarsa cavabdehin iddiaçını mənzildən çıxarmamasıdır ki, cavabdehin izahatından da müəyyən olunduğu kimi, o, buna niyyətlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə o, mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin tarixdən o, aidiyyəti quruma müraciət etməmiş, əsas səbəbi isə bu məsələlərdən anlayışının olmaması idi. Cavabdeh Odlar Yurdu Universitetinin arxasında Nərimanov rayonunda “Giləvar” şadlıq sarayı tərəfdə mənzil almış, lakin həmin mənzil yataqxana olmamaqla yaşayış üçün əlverişli şəraitli deyildir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzildə yaşayır. Mənzil iki otaqlıdır, nikah da pozulmuşdur, bu səbəbdən də, yaşayış mümkün deyildir. İddiaçı onun bacısının qızıdır. O, iddiaçıya qarşı pis olmamış və boşanmalarının səbəbi özləridir. O, Odlar Yurdu Universitetinin arxasında Nərimanov rayonunda mənzil almışdır. İddiaçı hazırki müddətdə də onlarla birlikdə yaşayır. Lakin iddiaçının onun evində yaşamasından o, narahatdır, belə ki, əsas səbəbi iddiaçının onun oğlundan boşanmasıdır. Cavabdeh Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ № 464955 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası İddiaçıdır. -Zəngilan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-10/2023 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Sumqayıt “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 1544 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 anası İddiaçı himayəsində saxlanılması, iddiaçı X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı əlavə xərcləri üçün uşaq sağalana kimi hər ay 100 manat pulun tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir. -Kirayəyəverən “Dövlətqaçqınkom Mənzil İstismar Departamenti” ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3-15 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin əslindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyəverən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 saylı evin, 2 otaqlı, 15 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri yoldaşı X7 və oğlu X5r. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. -Abşeron rayonu, Zəngilan şəhərciyində 3 saylı evin, 4 saylı mənzilində yaşayan X19, 3 saylı evin, 19 saylı mənzilində yaşayan X8, 3 saylı evin, 12 saylı mənzilində yaşayan X11, 3 saylı evin, 14 saylı mənzilində yaşayan X14, 3 saylı evin, 13 saylı mənzilində yaşayan X15 tərəfindən imza edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, onlar İddiaçı xx.xx.2015-ci il tarixdən və onun oğlu xx.xx.2016-cı il təvəllüdlü X10 Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilində qeydiyyatsız yaşadıqlarını təsdiq etmişlər. -Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı arayışdan görünür ki, İddiaçı 2015-ci ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. -Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Abşeron rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0409 saylı arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilində keçmiş həyat yoldaşı X9, oğlu X18, qaynatası Cavabdeh2 və qaynanası X6 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. -Məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün statusu almışdır. -Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abbasov X2 rayonundan məcburi köçkün statusu almışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 11 saylı evdə, Cavabdeh2 isə Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 17 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 oğlu X9 ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X18 anadan olmuşdur. İddiaçı nikaha daxil olan zaman cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilinə gəlin köçmüş və cavabdehin ailə üzvləri ilə birgə təsərrüfat aparmışdır. Zəngilan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-10/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdehin oğlu ilə bağladığı nikahına xitam verilmiş və birgə nikahdan olan uşağın iddiaçının yanında saxlanılmaqla alimentin tutulması qət edilmişdir. Nikah münasibətlərinin pozulmasına baxmayaraq, iddiaçı cavabdehin istifadə və sahibliyinə verilmiş mənzildə hazırki müddətədək yaşamaqda davam edir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 27.1. maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və Cavabdeh2 bağladığı xx.xx.2013-cü il tarixli, 3-15 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 3 saylı evin, 2 otaqlı, 15 saylı mənzili dövlət mənzil fonduna aid edilməklə, cavabdehin ailə üzvləri olan həyat yoldaşı X6 və oğlu X9 ilə birlikdə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra mətndə Mənzil Məcəlləsi adlanacaq): 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 3 saylı evin, 2 otaqlı, 15 saylı mənzilinin cavabdehin ailə üzvləri olan həyat yoldaşı və oğluna müvəqqəti sahiblik və istifadəyə verilməsinə baxmayaraq, iddiaçının həmin evə xx.xx.2015-ci il tarixdən köçməsi, nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq hazırki müddətədək hələ də həmin mənzildə yaşaması tərəflərin izahatı ilə də öz təsdiqini tapmışdır. Lakin tədqiq olunmuş sosial kirayə müqaviləsindən göründüyü kimi, xx.xx.2013-cü tarixdə bağlanmış müqavilə əsasında verilmiş mənzildə müvəqqəti sahiblik və istifadəyə verilmiş şəxslərin konkret dairəsi müəyyən edilməklə, iddiaçının nikaha daxil olmasından sonra aidiyyəti quruma müraciət edilməmiş, iddiaçı mənzildə müvəqqəti yaşamaq hüququ verilmiş şəxslər siyahısına daxil edilməmiş və bu barədə yeni müqavilə bağlanmamışdır. Məhkəmə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh2 oğlu X9 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və tərəflərin nikah münasibətlərinə Zəngilan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-10/2023 saylı qətnaməsi ilə xitam verilmişdir. Mənzil Məcəlləsinin: 66.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək. 68.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 69.1. maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 69.3. maddəsinə əsasən, vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Qanunun tələblərindən müəyyən olunduğu kimi, müvəqqəti sahiblik və istifadəsinə verilməklə sosial kirayə müqaviləsi bağlanmış Cavabdeh2 mənzilin kirayəçisi kimi İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 3 saylı evin, 15 saylı mənzilinə köçürmüşdür. Lakin nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, iddiaçı hələ də mübahisəli mənzildə yaşayır. Qanunvericilik kirayəçinin ailə üzvləri və digər şəxsləri mənzilə köçürmək hüququnu istisna etməsə də, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin müqavilədə göstərilməsinə dair imperativ norma nəzərdə tutulmuşdur. Mülki iş materiallarından isə müəyyən olunduğu kimi, iddiaçı nikaha daxil olduqdan sonra sosial kirayə müqaviləsində mənzilin kirayəçisinin ailə tərkibi kimi adının qeyd olunmasına dair aidiyyəti quruma müraciət etməmiş, hazırda da yaşamasına baxmayaraq, iddia ərizəsinin verilməsində əsas məqsədin gələcəkdə baş verəcək mübahisələrdən sığortalanması məqsədi daşımasıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş): 30.1. maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı, ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Ona görə də iddiaçının istifadə hüququ olmadığı halda mübahisəli mənzilə istifadə hüququnun tanınmasından söhbət gedə bilməz. Belə olan halda, iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də, təmin edilməməlidir. Mülki Məcəllənin 27.2. maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının azyaşlı oğlunun mübahisəli mənzilə istifadə hüququ olmadığından iddia tələbləri həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında İddiaçı azyaşlı oğlu ilə mənzilə istifadə hüquqlarının olmaması öz təsdiqini tapdığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar