Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2043/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli razılaşma üzrə 1880.13 manat əsas, 53.58 manat faiz və 23.77 manat cərimə borcu olmaqla, cəmi 2958.13 manat borcun və 49.59 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli razılaşma üzrə 1880.13 manat əsas, 53.58 manat faiz və 23.77 manat cərimə borcu olmaqla, cəmi 1957.48 manat borcun və 49.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixədək, illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 manat kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 25FİZAM129432402 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kredit razılaşmasının şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2023-cü il tarixə 1880.13 manat əsas, 53.58 manat faiz və 23.77 manat cərimə borcu olmaqla, cəmi 1957.48 manat borcu qalmışdır. Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, artıq bir ildən artıqdır ki, əmək fəaliyyəti ilə məşğul deyildir. Bu barədə banka müraciət edərək maddi imkanı olmadığını, 220 manatdan yuxarı olan kredit ödənişini ödəmək iqtidarında olmadığını bildirmiş, lakin buna məhəl qoyulmamışdır. Sonuncu ödənişi fevral ayında olmuş və kafedə çalışmaqla günə 10-15 manat qazanc əldə etmişdir. Əvvəl kredit müqaviləsi üzrə öhdəliklərini vaxtından əvvəl icra etdiyi müddət də olmuş, lakin sonradan işdən çıxarıldığından ödənişlərində gecikmələri yaranmışdır. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli razılaşmadan görünür ki, kredit verən kredit alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 22 faiz olmaqla 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit alan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixə kimi hər ay banka 207.58 manat, sonuncu ay isə 207.53 manat ödəməklə qaytarmalıdır. -Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 25FİZAM129432402 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -»Bank Respublika» ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 3 bank iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Maliyyə arayışından görünür ki, borcalanın banka 1880.13 manat əsas, 53.58 manat faiz və 23.77 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1957.48 manat borcu yaranmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1 Yardımlı rayonu, Şəfəqli ərazi dairəsi, Şəfəqli kəndində, Cavabdeh2 isə Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 49.59 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qiymətini 1957.48 manat pul vəsaiti təşkil etdiyindən həmin məbləğdə iddia ərizəsinin verilməsinə görə 39.57 manat dövlət rüsumu ödənilməli olduğu halda, 39.57 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 10.02 manat ödənilmiş dövlət rüsumu məbləği isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma üzrə cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi nəticəsində yaranmış 1880.13 manat əsas, 53.58 manat faiz və 23.77 manat cərimə borcu olmaqla, cəmi 1957.48 manat borc müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-349.59 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli razılaşma üzrə 1880.13 (min səkkiz yüz səksən manat on üç qəpik) manat əsas, 53.58 (əlli üç manat əlli səkkiz qəpik) manat faiz, 23.77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1957.48 (min doqquz yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat borc və 39.57 (otuz doqquz manat əlli yeddi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixdə, saat 13:57-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (kart) artıq ödənilmiş 49.59 (qırx doqquz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumundan 10.02 (on manat iki qəpik) manat pul vəsaiti iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2043/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2043/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver