Məhkəmə qərarları › İş №e-2(012)-2046/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2046/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2046/2023 09.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsə Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 219,78 manat əsas, 4 manat faiz, cəmi 223,78 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2046/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30 % ödəmək şərtilə 352,15 manat məbləğində kredit verilmişdir. X1 vəfat etdiyi müəyyən olunduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 24 saylı notariat ofisinin məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsəsi Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 219,78 manat əsas, 4 manat faiz, cəmi 223,78 manat borcu yaranmışdır. Bakı şəhəri 24 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X2 miras qalmış əmlakına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Göstərilənlərə əsasən cavabdeh-vərəsə Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 219,78 manat əsas, 4 manat faiz, cəmi 223,78 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, məhkəmə bildirişi poçt zərfinə “ünvan düzgün deyil” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 20 may 2014-cü il tarixli, 929tkBKX2/14 saylı kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank müştəriə 84 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək 100 manat məbləğində kredit limiti ayırmağı, ona bank hesabı açmağı və plastik kart təqdim etməyi, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 798593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 may 2016-cı il tarixdə hipertoniya xəstəliyindən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2016-cı il tarixdə 270 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli, 1053 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixində vəfat etmiş X4 adından 37 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsəsi arvadı- Cavabdehdır. Ona 37 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Müvafiq qaydada təsdiq edilmiş notarial işində olan (2V-68 reyestr nömrəli) 18 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X2 vərəsəsi həyat yoldaşı Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X3 verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarətdir. Bildirişin və yol qaiməsinin surətindən görünür ki, "xxxx" KB ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə olan bütün borc məbləğini 5 gün müddətində ödəməyi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar etmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, UB- BANK/PİKMD/1086339 №-li arayışdan görünür ki, Cavabdeh 929tkBKX2/14 saylı kredit müqaviləsi üzrə 27 fevral 2023-cü il tarixinə 219,78 manat əsas, 4 manat faiz, cəmi 223,78 manat borcu vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 78,28 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 20 may 2014-cü il tarixli, 929tkBKX2/14 saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 84 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 352,15 manat məbləğində kredit vermişdir. X4 29 may 2016-cı il tarixdə hipertoniya xəstəliyindən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində ölmüşdür. 18 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2 vərəsəsi kimi həyat yoldaşı Cavabdeh tanınmış, Cavabdeh R.Seyidovdan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi miras qalmış və həmin miras əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda qeyd olunan kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 219,78 manat əsas, 4 manat faiz, cəmi 223,78 manat borc yaranmışdır. Göründüyü kimi X4 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, R.Seyidov vəfat etdiyindən və ondan miras qalmış əmlak həyat yoldaşı Cavabdeh tərəfindən qəbul edildiyindən qanunvericiliyin tələbinə əsasən vərəsə Cavabdeh miras qoyan R.Seyidovun "xxxx" KB ASC-yə olan borcunu borclu kimi tam ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 20 may 2014-cü il tarixli, 929tkBKX2/14 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə 219,78 (iki yüz on doqquz manat, yetmiş səkkiz qəpik) manat əsas kredit borcu və 4 (dörd) manat faiz borcu olmaqla, ümumilikdə 223,78 (iki yüz iyirmi üç manat, yetmiş şəxs qəpik) manat borc tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30,40 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 may 2014-cü il tarixli, 929tkBKX2/14 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə 219,78 (iki yüz on doqquz manat, yetmiş səkkiz qəpik) manat əsas kredit borcu və 4 (dörd) manat faiz borcu olmaqla, ümumilikdə 223,78 (iki yüz iyirmi üç manat, yetmiş şəxs qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar