Məhkəmə qərarları › İş №e-2(012)-2063/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2063/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2063/2022 22.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1781,09 manat əsas borc, 5,62 manat faiz borcu və 2,61 manat cərimə olmaqla, cəmi 1789,32 manat borcun və 37,89 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1166,09 manat əsas borc, 12,53 manat faiz borcu, 14,39 manat cərimə olmaqla, cəmi 1193,01 manat borcun və 37,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh2 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2239,89 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. xx.xx.2022-ci ilədək Cavabdeh2 banka 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1166,09 manat əsas borc, 12,53 manat faiz borcu, 14,39 manat cərimə olmaqla, cəmi 1193,01 manat borcu vardır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, 0, 2019-cu ildə İddiaçı ASC-dən 2239,89 manat kredit götürmüşdür. O, ödənişlər etmiş, lakin pandemiya ilə əlaqədar olaraq 2021-ci ildən 3 ay ödəniş edə bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə 100 manat ödəniş etmişdir. Maddi imkanı aşağı olduğundan o, hər ay 100 manat ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 2239,89 manat kredit verilmişdir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0- 446-14 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 1066,09 manat əsas borc, 12,65 manat faiz borcu, 14,50 manat cərimə olmaqla, cəmi 1093,24 manat kredit borcu vardır. Məhkəmə iddiaçı bankın nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Bundan əlavə iddiaçı bank tələbində cavabdehlərdən 1166,09 manat əsas borc, 12,53 manat faiz borcu, 14,39 manat cərimə olmaqla, cəmi 1193,01 manat borcun tutulmasını xahiş etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 1066,09 manat əsas borc, 12,65 manat faiz borcu, 14,50 manat cərimə olmaqla, cəmi 1093,24 manat kredit borcu vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbinə əsas borc hissəsində maliyyə arayışındakı məbləğ əsas götürülməklə qiymət verilməli,faiz və cərimə ilə bağlı tələbin artırılmasına dair ərizə verilmədiyindən,tələb olunan formada iddia ərizəsi qiymətləndirilməklə, cavabdehlərdən müştərək qaydada 1066,09 manat əsas borc, 12,53 manat faiz borcu, 14,39 manat cərimə olmaqla, cəmi 1093,01 manat borc tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 30 dekabr 2019-cu il tarixli, 6-MZ-1-0-446-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı bankın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 37,89 manatın cavabdehdən alınmalı və iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1066,09 manat əsas borc, 12,53 manat faiz borcu, 14,39 manat cərimə olmaqla, cəmi 1093,01 manat borc və 37,89 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar