Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2085/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh «X3» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «X3» MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 147564,40 manat əsas borc, 7378 manat gecikdirməyə görə əsas borc məbləğinin 5 faizi, 350 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti, 450 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 155742 manat pul vəsaitinin cavabdeh “X3” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh “X3” MMC (əvvəlki adı ilə "xxxx" MMC, daha sonra "xxxx" MMC, hazırda isə “X3” MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, AK-04/2021 saylı alqı-satqı müqaviləsinə əsasən, öncədən ödəmə üsulu ilə satıcı “X3” MMC tərəfindən alıcı İddiaçı kərpic satılması barədə razılaşma əldə edilmişdir. Tərəflər arasında qeyd edilən alqı-satqı müqaviləsi bağlandıqdan sonra 2021-ci ildən 2022-ci ilədək İddiaçı cavabdeh “X3” MMC-yə, ümumilikdə, 390825,13 manat pul ödəmişdir. Cavabdeh “X3” MMC isə qeyd edilən tarixlərdə İddiaçı, ümumilikdə, 243260,73 manat dəyərində kərpic vermiş, daha sonra kərpic verməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı cavabdehə dəfələrlə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyi, ödədiyi pulun əvəzində ona kərpic verilməsini tələb etsə də ödənmiş pulun tam dəyərində kərpic ala bilməmişdir. Daha sonra İddiaçı cavabdeh “X3” MMC-dən ödədiyi pulun müqabilində kərpic verməsini, ya da əvvəldən ödədiyi qalıq pulunun ona geri qaytarılmasını tələb etmişdir. Bununla bağlı tərəflər xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib edərək, qarşılıqlı öhdəliklərinin bəyanını edərək qalıq məbləğin həcmini müəyyənləşdirmişlər. Həmin aktla müəyyən edilmiş və razılaşdırılmışdır ki, xx.xx.2023-cü il tarixə “X3” MMC-nin İddiaçı 147564,40 manat borcu qalmışdır. Qeyd edilən üzləşmə aktından sonra İddiaçı akt üzrə “X3” MMC-nin ona olan 147564,40 manat borcunun geri qaytarılmasını tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə borcun ödənilməsi təmin edilməmişdir. Nəhayət, iddiaçı cavabdehin borcunu ödəmək fikrində olmadığına əmin olmuş və qanunvericiliyin tələbi üzrə işə hüquqi qiymət verilməsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı cavabdeh “X3” MMC-dən aldığı kərpicləri MTK-ya verib barter müqaviləsi ilə ev almışdır. İddiaçı 20 il bundan əvvəl, yəni 2004-cü ildə avtomobil xidmətləri sahəsində fəaliyyət göstərmək VÖEN əldə etmişdir, lakin hazırda həmin VÖEN-dən istifadə etmir. 17 fevral 2021-ci il tarixli, AK-04/2021 saylı alqı-satqı müqaviləsindən də görünür ki, həmin müqavilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs ilə hüquqi şəxs arasında bağlanmışdır. Bu səbəbdən o, hesab edir ki, hazırki mülki işə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh «X3» MMC-nin nümayəndəsi X2 ərizəsini onunla əsaslandırdı ki, İddiaçı, onun vəkili-nümayəndəsinin dediklərinin əksinə olaraq, tikinti materiallarının satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əgər iddiaçı aldığı kərpiclərdən 2 ha ərazidə zavod tikdirirsə, bu, şəxsi fəaliyyətlə bağlı məsələdir, lakin iddiaçının bu kərpicləri verərək ev alması halı kommersiya fəaliyyəti ilə bağlı məsələdir. Bu səbəbdən o, hazırki mülki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasını təklif edir. Qeyd edilənlərə əsasən, o, mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək, İddiaçı vəkilinümayəndəsi Vəkil qeyd etdikləri ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla İddiaçı cavabdeh «X3» MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, İddiaçı ilə cavabdeh “X3” MMC (əvvəlki adı ilə "xxxx" MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, AK-04/2021 saylı alqı-satqı müqaviləsinə əsasən öncədən ödəmə üsulu ilə iddiaçıya kərpic satılması barədə razılaşma əldə edilmiş və tərəflər arasında qeyd edilən alqı-satqı müqaviləsi bağlandıqdan sonra 2021-ci ildən 2022-ci ilədək İddiaçı cavabdeh “X3” MMC-yə, ümumilikdə, 390825,13 manat məbləğində pul ödəmişdir. Tərəflər xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib edərək, qarşılıqlı öhdəliklərinin bəyanını edərək qalıq məbləğin həcmini müəyyənləşdirmiş, həmin aktla xx.xx.2023-cü il tarixə “X3” MMC-nin İddiaçı 147564,40 manat borcu olduğu razılaşdırılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 147564,40 manat əsas borc, 7378 manat gecikdirməyə görə əsas borc məbləğinin 5 faizi, 350 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti, 450 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 155742 manat pul vəsaitinin cavabdeh “X3” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi faktiki olaraq 390000(üç yüz doqsan min) dəyərindən artıq olmuş gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasındakı alqı-satqı müqaviləsindən irəli gələn tələblərlə bağlıdır və İddiaçı adına olan VÖEN-i dayandırması mübahisənin kommersiya məhkəməsində baxılmalı olmaması meyarı kimi əsas hesab edilə bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 13-cü bəndində göstərilmişdir ki,əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 30-32, 263, 264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh «X3» MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2085/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2085/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver