Məhkəmə qərarları › İş №e-2(012)-2123/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2123/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2123/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 612/2017 saylı, 07 iyul 2017-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 23 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə qeyri-rəsmi münasibətlərdə olmuş və bu münasibətlərindən 23 aprel 2012-ci tarixdə övladları X3 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-612/2017 saylı 7 iyul 2017-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması, alimentin və əlavə xərcin tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, 23 aprel 2012-ci tarixdə anadan olmuş X2 atasının Cavabdeh olmasının müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində alimentin, 30 manat xəstəliyi ilə bağlı əlavə xərcin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 4 avqust 2020-ci il 2(105)-468/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-612/2017 saylı 7 iyul 2017-ci il tarixli qiyabi qətnaməsi 30 manat xəstəliyi ilə bağlı əlavə xərcin tutularaq İddiaçı xeyrinə verilməsi hissəsində ləğv edilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 aprel 2021-ci il tarixli 2(102)1269/2021 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 4 avqust 2020-ci il 2(105)468/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 8 aprel 2021-ci il tarixdə qüvvəyə minmişdir. Odur ki, o, uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və buna görə də alimentin artırılması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul edir və alimentin artırılmasına razıdır. İş materiallarında olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 175233 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 23 aprel 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-612/2017 saylı, 07 iyul 2017-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 23 aprel 2012-ci tarixdə anadan olmuş X2 atasının Cavabdeh olmasının müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində alimentin, 30 manat xəstəliyi ilə bağlı əlavə xərcin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 4 avqust 2020-ci il 2(105)-468/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-612/2017 saylı 7 iyul 2017-ci il tarixli qiyabi qətnaməsi 30 manat xəstəliyi ilə bağlı əlavə xərcin tutularaq İddiaçı xeyrinə verilməsi hissəsində ləğv edilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 aprel 2021-ci il tarixli 2(102)1269/2021 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 4 avqust 2020-ci il 2(105)468/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin alimentin artırılmasına etirazının olmamasını və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu nəzərə alaraq hesab edir ki, 23 aprel 2012-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-612/2017 saylı, 07 iyul 2017-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar