Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2125/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1” Bakı Filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı Filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 06 mart 2023-cü il tarixinə olan 569,03 manat vaxtı keçmiş borc, 4,54 manat faiz borcu olmaqla, cəmi 573,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1» Bakı filialı ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu – Cavabdeh2 arasında imzalanmış 06 avqust 2019-cu il tarixli 27 saylı güzəştli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1 % ödəmək şərti ilə 5 il müddətinə 1000 manat məbləğində kredit restrukturizasiya edilmişdir. Həmin tarixdə verilmiş güzəştli kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 31 saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 06 mart 2023-cü il tarixə banka kredit borcu üzrə 669,02 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka cəmi 456 manat ödəniş etmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. 06 mart 2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 573,57 manat təşkil edir. Bundan 569,03 manat əsas borc və 4,54 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 27 saylı güzəştli kredit müqaviləsindən müəyyən edilir ki, «X1» Bakı filialı tərəfindən Cavabdeh2 illik 1 % hesablanması şərti ilə 60 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 31 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 27 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatını Cavabdeh1 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarilxi, 2023/341 saylı maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 27 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 «X1» Bakı filialına 569,03 manat vaxtı keçmiş borc, 4,54 manat faiz borcu olmaqla, cəmi 573,57 manat borcu vardır. İşdə olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, «X1» Bakı filialının ona qarşı olan iddiasını qəbul edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “X1” Bakı Filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh2 bu müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, habelə zaminlik müqaviləsi də qüvvədə olduğundan, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 «X1» Bakı filialının xeyrinə 569,03 manat əsas borc, 4,54 manat faiz borcu olmaqla, cəmi 573,57 manat məbləğində pul vəsaiti tutulmalı, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul Cavabdeh2 və Cavabdeh1 «X1» Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 «X1» Bakı filialının xeyrinə 569,03 manat əsas borc, 4,54 manat faiz borcu olmaqla, cəmi 573,57 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2125/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2125/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver