Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2127/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 85503 manat borc və 348 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Cavabdeh təxminən, 2011-ci ildən işləmək üçün Bakı şəhərinə getmişdir. Tərəflərin münasibətləri əvvəllər daha yaxşı idi. Cavabdeh Nuriyev X5 rayonu, Aşağı Güzdək qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmiş, lakin maddi durumu yaxşı olmadığından iddiaçıdan pul istəmişdir. Təxminən, 2008-ci ildə iddiaçı bir ata kimi oğluna maddi vəziyyəti düzələnə qədər borc olaraq 10500 manat pul vermiş, cavabdeh həmin pula üzərində yarımtikili olmaqla təxminən, 8 sota yaxın bir torpaq sahəsi almışdır. 2011-ci ildən başlayaraq cavabdeh həmin ərazidə ev tikmək istədiyini bildirmiş, iddiaçı ustaları cəlb etməklə həmin evi əsaslı formada tamamlayıb tam təmir etdirmişdir. Cavabdeh aldığı torpağı böyük çətinliklə 2014cü ildə rəsmiləşdirə bilmişdir. Güzdəkdə qəsəbəsində yerləşən torpaq sahəsindəki evə ayrı-ayrı vaxtlarda 46000 manatdan artıq iddiaçı pul xərcləmişdir. Həmin puldan təxminən, 2016-cı ildə 3000 manat, 2017-ci ildə 3500 manat və 2019-cu ildə isə 3500 manat pul ödəmişdir. Evin tikintisi ilə ustalar məşğul olurdu. Pul məsələlərini ustalara iddiaçı cavabdehin əli ilə verirdi. Çünki bu barədə həmişə dəftərdə müvafiq qeydlər aparırdılar. İddiaçı bütün pulları şəxsən cavabdehə vermişdir ki, evini inşa etsin. Uşaqların məktəbə getməsini əsas gətirərək cavabdeh Xırdalanda məktəbə yaxın bir yerdə torpaq sahəsi olduğunu bildirib onu da almaq istədiyini bildirmişdir. Xırdalan şəhərində olan 0.011 ha torpaq sahəsi almaq üçün cavabdehin maddi durumu imkan vermədiyindən iddiaçıdan 2012-ci ilin təxminən sentyabr ayında 15000 manat pul almışdır. Daha sonra cavabdeh həmin torpaq sahəsində də ev inşa etmək istədiyini bildirmiş, həmin evi inşa edib orada tam təmir işlərini tamamlamaqla yaşamaq vəziyyətinə gətirmək üçün iddiaçı 51503 manat pul vermişdir. Cavabdeh bu puldan isə iddiaçıya cəmi 2000 manat ödəmişdir. Həmin pulu cavabdeh 2020-ci ilin yanvar ayında vermişdir. Bütün bunları evlərin inşası və təmirində iştirak edən usta və fəhlələr, həmçinin, iddiaçıda olan evin inşası üçün xərclənən pulların hesab-kitab dəftərləri sübut edə bilər. İddiaçı oğluna toplam olaraq təxminən, 2008-ci ildən 2016-cı ilə kimi 97503 manat pul vermiş, cavabdeh həmin puldan yalnız 12000 manat ödəmişdir. Cavabdehin bu günə kimi həmin puldan 85503 manat borcu qalmışdır. İddiaçının maddi durumu əvvəllər normal olsa da indi yaşlanmış, hazırda, təqaüd alır. Maddi vəziyyəti çox çətin vəziyyətdədir, başqa qazanc yeri olmadığından dolana bilmir. Oğlu olmasına baxmayaraq, iddiaçıya qarşı etdiyi bu hərəkəti iddiaçı bağışlaya bilmir. Cavabdehin iddiaçıya qarşı etdikləri dələduzluqdan başqa bir şey deyildir. Bununla bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, alınan izahatlardan da görünür ki, Cavabdeh etiraf edərək 85503 manat borcu olduğunu təsdiq etmişdir. Cavabdeh izahatında Güzdəkdə və Xırdalanda yerləşən evlər satıldıqdan sonra iddiaçıya olan 85503 manat borcu qaytaracağını bildirmişdir. İddiaçı dəfələrlə həmin pulu tələb etməyinə baxmayaraq cavabdeh maddi imkanı olmadığını, işləmədiyini bildirərək borcu ödəməkdən yayınmışdır. Bütün bunlardan başqa, evlər tikilərkən tikintidə işləyən ustalar iddiaçının dəfələrlə pul verməyini təsdiq edə bilər. Bu barədə iddiaçıda olan dəftərdə qeydlər də var, çünki həmin vaxt material almaq və ustalara pulları ödəməklə bağlı dəftərdə qeyd aparılmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh iddiaçının tələb etdiyi puldan 4000 manat ödədiyini bildirsə də bu, həqiqətə uyğun deyildir və cavabdehin buna dair sübutu yoxdur. Belə ki, bu barədə o, özü iddiaçıdan da dəqiqləşdirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Atası ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. O, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi və Xırdalan şəhərində torpaq sahələri almış və üzərlərində tikili inşa etmişdir. Həmin daşınmaz əmlakın tikilməsinə və alınmasına görə atası ona pul vəsaiti vermiş və həmin pulu borc şəklində vermişdir. Atasından ümumilikdə, 85503 manat borc pul aldığını etiraf edir, lakin həmin puldan 4000 manat atasına qaytarmış, ancaq qaytardığı pula dair hər hansı sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh polis orqanına gedib izahat vermişdir. İzahat verən zaman cavabdehin hüquqi biliyi olmadığından həyəcanlı olmuşdur. Bu səbəbdən də, qeyd etdiyi halların da nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı ilə heç bir qohumluğu yoxdur. Yalnız evi tikib inşa etmişdir. Abşeron rayonu, Xırdalan şəhərində işlədiyi müddətdə atasının rəhbərliyi ilə işləmişdir. Cavabdeh atasından pulu alırdı və bunu da o, özü görürdü. Cavabdehin anası isə onlara yemək bişirirdi. İddiaçı özü də bəzən onlarla birlikdə işləyirdi. Cavabdehin iddiaçıya pul qaytardığını o, görməmişdir. O, ata-oğulun hər ikisini tanıyırdı deyə, işləməyə gəlmiş və təxminən, 4500 manat əmək haqqı almışdır. Evə nə qədər xərc çəkilməsi barədə isə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, cavabdehin qismən etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh Abşeron rayon Polis İdarəsi Qobu Polis bölməsində verdiyi izahatdan görünür ki, o, 2008-ci ildə atası İddiaçı 46000 manat, sonra isə 51503 manat olmaqla, cəmi 97503 manat pul vəsaitini ev tikmək üçün almışdır. O, həmin puldan atasına 12000 manat pul vəsaitini qaytarmış, qalan pulu isə maddi imkanı olmadığından qaytara bilmir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində və Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən evləri satandan sonra qalıq qalan 85503 manat pul vəsaitini atasına geri qaytaracaqdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Nuriyev X3 rayonu, Aşağı Güzdək qəsəbəsində və Xırdalan şəhərində torpaq sahələrinin alınmasına və həmin torpaq sahələrində tikililərin inşa edilməsinə görə oğlu- Cavabdeh ümumilikdə, 97503 manat borc vermişdir. Cavabdeh həmin borcdan 12000 manat pul vəsaitini qaytarmış və bu, məhkəmə iclasında tərəflərin izahatı ilə də öz təsdiqini tapmışdır. Hazırda, iddiaçı qalıq qalan 85503 manat borc ödənilmədiyindən həmin borcun məhkəmə qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı qeyd olunan məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 85503 manat borcunun qalmasına dair cavabdehin qismən etirafını, eyni zamanda, cavabdehin polis idarəsində 85503 manat borcunu qaytaracağına dair yazılı etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 85503 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı cavabdeh ümumi borcdan eyni zamanda, 4000 manat pul vəsaitini qaytardığını da bildirsə də, qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 85503 (səksən beş min beş yüz üç) manat borc və 348 (üç yüz qırx səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 85851 (səksən beş min səkkiz yüz əlli bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov