Məhkəmə qərarları › İş №e-2(012)-213/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-213/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-213/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 30722.54 manat əsas, 6724.83 manat faiz olmaqla, ümumilikdə, cəmi 37447.37 manat borcun və ödənilmiş 202.34 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 manat borcun, 202.34 manat dövlət rüsumu, əlavə olaraq, 4.87 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı təminatlı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, ilik 10 faiz ödəmək şərtilə 38250 manat kredit verilmişdir. Həmçinin, kredit borcunun təminatı kimi iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, zaminlik müqaviləsinə əsasən, borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləği, hesablanacaq faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. Lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilsə də hüquqi şəxs olan cavabdehin hüquqi ünvanında bildirişin qəbulundan imtina edilmişdir. Bu hal iddia ərizəsinə əlavə edilən poçt xidməti tərəfindən tərtib edilən aktla təsdiqini tapır. Fiziki şəxs olan cavabdehə isə bildiriş poçt vasitəsi ilə çatdırılaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehlərin 30722.54 manat əsas və 6724.83 manat faiz borcu olmaqla, cəmi 37447.37 manat borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Hazırda, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmış və 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 manat borc yaranmışdır. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin ləğvi tələbi qoyulmamış, belə ki, kredit müqaviləsinin müddəti bitməmişdir. Müqavilə müddəti daxilində hesablanmış faiz borcudur. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunda bu mövzu ilə bağlı müzakirələr gedir. Müqavilədə öhdəliklə bağlı hər iki tərəfin hüquqları vardır ki, məsələn, akseptsiz silinmə hüququ vardır ki, iddiaçı hazırda, müqavilənin ləğvini tələb etmir. Həmçinin, cavabdeh MMC etirazında məhkəmə təcrübəsinin vahidliyinə istinad edərək qeyd edir ki, kredit borcu məbləği ondan tutulmamalıdır. Lakin eyni məzmunlu mülki işlər üzrə qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin aktlarına əsasən, borc hissəsi müştərək qaydada borclulardan tutulmalı, sözügedən məhkəmə aktları da qüvvədədir. Apellyasiya instansiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, borclular müştərək qaydada bank qarşısında öhdəlik daşımaqla bankla fiziki şəxs arasında olan hüquqi münasibətlər tamamilə başqa öhdəlikdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xxxx-2013-YS-AAAF-R0 saylı təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsinə əsasən, cavabdehə illik 10 faiz dərəcəsi ilə 180 ay müddətinə 38250 manat kredit ayrılmış və istifadə edilmişdir. Həmin müqavilənin müddəalarından göründüyü kimi, təyinatı "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0063 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 “AAAF-Park” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın mərtəbə 8, ümumi sahəsi 65.4 kv.m olan 2 otaqlı 56 saylı mənzilin alınmasıdır. Sözügedən müqavilə üzrə yaranmış borcun cavabdeh MMC-dən tutulmasının hüquqi əsası zaminlik müqaviləsidir. Cavabdeh "xxxx" MMC iddia tələbinin MMC-dən tutulmasına etiraz edir. Abşeron rayon Məhkəməsinin 2(012)-853/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər arasında 56 saylı mənzilə dair bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46506.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması qət edilmiş, Məhkəmənin 2(012)-853/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən isə iddia tələbi “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmənin qənaətinə görə, alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirərək ödənilməli olan məbləği cavabdeh "xxxx" MMC-yə ödəmiş olsa da "xxxx" MMC müqavilənin şərtlərinə əməl etməyərək 56 saylı mənzili beş illik müddət ərzində təhvil verməmiş, nəticədə, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin ləğvi üçün cavabdehə müraciət etsə də buna nail ola bilməmiş, məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbinə hüquqi qiymət verən zaman “iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42510 manat” dedikdə, borcalanın cavabdehə 4260 manat ilkin ödəniş və bankı vasitəsilə ayrılmış 38250 manat kredit vəsaiti nəzərdə tutulmuşdur. (4260+38250=42510) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-853/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi maddi ziyan olaraq 3896.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində ləğv edilmişdir. İddiaçı "xxxx" ASC-nin cavabdeh qismində iştirak etdiyi sadalanan məhkəmə aktlarından göründüyü kimi, təminatlı kredit müqaviləsi üzrə ayrılmış və cavabdeh MMC-yə ödənilmiş 38250 manat məbləğin Cavabdeh2 xeyrinə tutulması artıq qət edilmiş və qanuni qüvvəsini almışdır. İddiaçı "xxxx" ASC qeyd olunan məhkəmə aktlarından şikayət verməmişdir. xx.xx.2015-ci il tarixli 5-xx-xx-2013-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 30722.54 manat əsas kredit borcunun cavabdeh "xxxx" MMC-dən tutulmasına dair tələbin hüquqi əsası olaraq zaminlik müqaviləsinə istinad edilməsinə baxmayaraq, yuxarıda qeyd olunan məhkəmə aktları ilə qət edilmiş hüquqi nəticə ziddiyyət təşkil etmiş olur. İddiaçının borcverən qismində kredit vəsaiti ayırması və cavabdeh tərəfindən ayrılmış kredit vəsaitindən istifadə edilməsi kifayətedici deyildir. Belə ki, Cavabdeh2 ona ayrılmış kredit vəsaitinin sahibi olaraq MMC-dən tələb etməsi hazırda, iddiaçı "xxxx" ASC-nin tələb hüququnu məhdudlaşdırır və hüquqi əsası olaraq ancaq Cavabdeh2 cavabdeh qismində yönəldir. İddiaçı bankın cavabdeh "xxxx" MMC-dən əsas kredit borcunun tutulması hissəsində iddianın yolverilməzliyinə dair əsaslar da mövcuddur. Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-853/2020 saylı mülki iş üzrə tərəflər hazırki iş üzrə tərəflərlə eynilik təşkil edir. İddiaçı "xxxx" ASC Cavabdeh2 xeyrinə qət edilməklə əsas kredit borcunun ondan tutulması barədə iddia irəli sürməlidir. Lakin belə olan halda, qət edilmiş məbləğin təkrar olaraq MMC-dən tutulmasının hüquqi əsası mövcud deyildir. Halbuki, cavabdeh "xxxx" MMC məhkəmə qətnamələri ilə məsuliyyətə cəlb edilməklə pul vəsaitinin tutulması qət edilmişdir. Eyni əsaslarla təkrar məsuliyyətə cəlb edilməsi ədalətli deyil. Lakin hazırda, iddiaçı zaminlik müqaviləsinə əsasən, hüququndan sui-istifadə edir, məhkəmə tərəfindən müəyyən edilmiş və hüquqi qiymət verilmiş hüquq münasibətlərinə təkrar dəyərləndirməsi düzgün deyil. Həmçinin, nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti MMC-nin bank hesabına mədaxil edilmişdir. Lakin artıq qeyd olunan xüsusata qətnamə ilə hüquqi qiymət verilmişdir. Ona görə də iddia tələbinin cavabdeh MMC-dən cəmi borcun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 38250 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 5-xx-xx-2015-YS-AAAF-R0 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində bina 5, mərtəbə 8, ümumi sahəsi 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzil üzrə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. -Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030cu il tarixə kimi hər ay banka 411.10 manat (sonuncu ay isə 384.97 manat) ödəməklə qaytarmalıdır. -xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh2 hesabına 37867 manat pul vəsaiti köçürülmüşdür. -Kreditor "xxxx" ASC, kreditalan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 38250 manat və ona hesablanacaq faiz, cərimə faizləri, həmçinin, məhkəmə xərclərindən ibarətdir. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 7.4-cü bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin də ödənilməsi daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, borclu kreditor ilə bağladığı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü borcun əsas məbləğini, faizlərin və ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin, borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. -»Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22-5001/2022 saylı bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixə 30722.54 manat əsas, 6724.83 manat faiz olmaqla, cəmi 37447.37 manat borcu vardır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixə 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, cəmi 39068.84 manat borcu vardır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-853/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 42510 manat pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46506.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1445/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-853/2020 saylı qətnaməsi maddi ziyan olaraq 3896.75 manat pulun "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və həmin hissədə də iddia tələbi təmin edilməmiş, qalan hissələrdə, yəni, “"xxxx" MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasındakı 65.4 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat, vəkil xərci kimi 80 manat və dövlət rüsumuna görə 20 manatın "xxxx" MMC-dən alınıb Cavabdeh2 qaytarılması hissəsində” qətnamə dəyişdirilmədən saxlanılmışdır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2005-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 3 Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Bərdə şəhəri Əmirli kəndində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin "xxxx" MMC bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İlkin olaraq, məhkəmə qeyd edir ki, iş üzrə mülki iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-853/2020 saylı qətnaməsi ilə ləğv edilmiş və alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin dəyərinə görə ödənilmiş 42510 manat pul vəsaitinin MMC tərəfindən alıcı Cavabdeh2 qaytarılmasına dair isə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1445/2021 saylı qətnaməsi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi hazırki mülki işdə kredit müqaviləsi üzrə cavabdehlərin bank qarşısında birgə məsuliyyət daşımasını istisna etmir. Belə ki, kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Beləliklə, müqavilənin müddəti bitməmiş, hazırda da, qüvvədə olmaqla hər iki cavabdeh öhdəlik götürmüş və həmin öhdəliklərə görə bank qarşısında birgə cavabdehlik daşıyırlar. Öhdəliklər icra edildiyi halda isə tərəflər ödənilməli olan ödəniş məbləğlərinə uyğun olaraq biri digərinə qarşı reqres qaydada tələb hüququndan istifadə edə bilər. Başqa sözlə, zaminlik müqaviləsindən də göründüyü kimi, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəlik icra edilənə qədər bank qarşısında cavabdeh fiziki şəxs ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və həmin öhdəlik kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədədir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində bank müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 30722.54 manat əsas, 8346.3 manat faiz olmaqla, cəmi 39068.84 manat borc, dövlət rüsumuna görə 202.34 manat və əlavə olaraq, 4.87 manat və 0.80 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5-xx-xx- 2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada 30722.54 (otuz min yeddi yüz iyirmi iki manat əlli dörd qəpik) manat əsas, 8346.3 (səkkiz min üç yüz qırx altı manat otuz qəpik) manat faiz olmaqla, ümumilikdə, cəmi 39068.84 (otuz doqquz min altmış səkkiz manat səksən dörd qəpik) manat borc və 208.01 (iki yüz səkkiz manat bir qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar