Məhkəmə qərarları › İş №e-2(012)-2135/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2135/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2135/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 2534,84 ABŞ dolları əsas, 1295,14 ABŞ dolları faiz, 2313,70 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 577,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6721.18 ABŞ dolları pulun və iş üzrə ödənilmiş 124,28 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əlicanov Ramiz Qardaşxan oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 70028262 nömrəli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 22% olmaqla 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Əlicanov Ramiz Qardaşxan oğluna kredit verilərkən X1 ilə xx.xx.2015-ci il tarixli 70028262-ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalann öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi da daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısındakı Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 24 fevral 2016-cı il tarixli, 02 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4664,30 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Əlicanov Ramiz Qardaşxan oğlu xx.xx.2018-cı il tarixdə vəfat etmişdir. Bank tərəfindən Abşeron rayon 1 saylı Notariat Ofisinə mərhum Əlicanov Ramiz Qardaşxan oğlunun vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-cı il tarixdə vəfat etmiş Əlicanov Ramiz Qardaşxan oğlunun adına xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, 1 saylı Notariat ofisində 2V-96 nömrəli vərəsəlik işi açılmışdır. Onun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019-cu il tarixdə 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən Əlicanov Ramiz Qardaşxan oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023cü il tarixə Əlicanov Ramiz Qardaşxan oğlunun kredit üzrə cəmi borcu 6721,18 ABŞ dolları təşkil edir. Bundan 2534,84 ABŞ dolları əsas, 1295,14 ABŞ dolları faiz, 2313,70 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 577,50 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 bildirdilər ki, bank tərəfindən tələb edilən borcu qəbul edirlər. Onlar bu barədə məhkəməyə ərizə təqdim etdilər. Məhkəmə cavabdehləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 70028262 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Əlicanov Ramiz Qardaşxan oğluna 24 ay müddətinə, ilik 22 % tətbiq edilməklə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 70028262-ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 70028262 nömrəli kredit müqaviləsi üzrə Əlicanov Ramiz Qardaşxan oğlunun öhdəliklərinə X2 təminat vermişdir. İş materiallarında olan kredit və zaminlik müqavilələri üzrə bağlanmış 24 fevral 2016cı il tarixli, 02 saylı əlavə sazişdən görünür ki, tərəflər kredit öhdəliyinin 4664,30 ABŞ dolları təşkil etməsini müəyyən etmişlər. Bu kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İşdə olan Abşeron rayonu, 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Əlicanov Ramiz Qardaşxan oğlundan miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinə dair 2V-96 nömrəli vərəsəlik işi açılmışdır. Onun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019-cu il tarixdə 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********198 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli 70028262 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Əlicanov Ramiz Qardaşxan oğlunun ləğv prosesində olan "xxxx" ASC-yə 2534.84 ABŞ dolları əsas, 1295.14 ABŞ dolları faiz, 2313.70 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 577.50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6721.18 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/3467/2024 saylı rəyindən görünür ki, Əlicanov Ramiz Qardaşxan oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 70028262 nömrəli güzəştli kredit müqaviləsi şərtləri əsas götürülməklə Əlicanov Ramiz Qardaşxan oğlunun banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018ci il tarixə: əsas borc üzrə 4402,34 ABŞ dolları, 1042,92 ABŞ dolları faiz borcu üzrə. İş materiallarından göründüyü kimi, Əlicanov Ramiz Qardaşxan oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 70028262 nömrəli güzəştli kredit müqaviləsi şərtləri əsas götürülməklə Əlicanov Ramiz Qardaşxan oğlunun xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 2743,52 ABŞ dolları, faiz borcu üzrə 1042,92 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 657,94 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında bank tərəfindən xx.xx.2015-ci il tarixli 70028262 nömrəli güzəştli kredit müqaviləsi üzrə gündəlik hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İş materiallarından görünür ki, bank tələbin məbləğini özünün verdiyi maliyyə arayışı ilə müəyyən etmişdir. Mübahisənin daha ədalətli və obyektiv araşdırılması məqsədilə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, məlum kredit müqaviləsi üzrə yaranmış əsas borc 2743,52 ABŞ dolları, faiz borcu 1042,92 ABŞ dolları, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu 657,94 ABŞ dolları təşkil edir. Məhkəmə ekspert rəyini mübahisə üzrə mötəbər sənəd kimi qəbul edir, bununla belə, tələb edilən əsas borc və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu rəydə göstərilmiş həmin borclardan az məbləğdə olduğundan məhkəmə MPM-nin 218.3-cü maddəsinə görə əsas borcun 2534,84 ABŞ dolları, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu isə 577,50 ABŞ dolları məbləğində tutulması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 2313,70 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 234,74 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə iş materialları ilə kredit müqaviləsi üzrə Əlicanov Ramiz Qardaşxan oğlunun banka 2534,84 ABŞ dolları əsas borcu, 1042,92 ABŞ dolları faiz borcu, 234,74 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 577,50 ABŞ dolları faiz borcu olduğu müəyyən olunur. İşdən, həmçinin görünür ki, borcalan Əlicanov Ramiz Qardaşxan oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Abşeron rayonu, 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Əlicanov Ramiz Qardaşxan oğlundan miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinə dair 2V-96 nömrəli vərəsəlik işi açılmışdır. Onun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019-cu il tarixdə 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş R.Q.Əlicanov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Kredit öhdəlikləri (miras passivi) onun miras qalmış əmlakına vərəsəliklə mülkiyyət hüququ qazanmış Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 keçmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 2534,84 ABŞ dolları əsas borcu, 1042,92 ABŞ dolları faiz borcu, 234,74 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 577,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4390 ABŞ dolları pul (manat məzənnəsi ilə) tutularaq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 124,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri 100 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu kimi 124,28 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 tutulub ləğv prosesində olan İddiaçı ASC-yə və 100 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 2534,84 ABŞ dolları əsas borc, 1042,92 ABŞ dolları faiz borcu, 234,74 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 577,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4390 ABŞ dolları pul (manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,28 manat pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizanın xərci kimi 100 manat pul Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar