Məhkəmə qərarları › İş №e-2(012)-2135/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2135/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2135/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 044SBFFM nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 720,00 (yeddi yüz iyirmi manat 00 qəpik) manat əsas borc, 36,40 (otuz altı manat 40 qəpik) faiz borc, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 16,40 (on altı manat, 40 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 772.80 (yeddi yüz yetmiş iki manat, 80 qəpik) manat manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 044SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 077SBMFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 720 (yeddi yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli, 12-5/2-Z-21-542/2025 nömrəli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixinə kredit üzrə cəmi borcu 772.80 (yeddi yüz yetmiş iki manat, 80 qəpik) manat təşkil edir ki, bununda 720,00 (yeddi yüz iyirmi manat 00 qəpik) manat əsas borc, 36,40 (otuz altı manat 40 qəpik) faiz borc, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 16,40 (on altı manat, 40 qəpik) manat faiz borcudur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 044SBFFM saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehə illik 1 % dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə 720 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2019cu il tarixli restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 720 manat əsas, 36,40 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 16,40 manat olmaqla, cəmi 772,80 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında restrukturizasiya müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, Cavabdeh 720 manat əsas, 36,40 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 16,40 manat faiz borcu olmaqla, cəmi 772,80 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 343-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 720 manat əsas, 36,40 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 16,40 manat faiz borcu olmaqla, 772,80 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar