Məhkəmə qərarları › İş №e-2(012)-2162/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2162/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2162/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsi üzrə 1237,7 manat əsas borc, 131,74 manat faiz borcu, 117,61 manat cərimə borcu olmaqla, cəmi 1487,05 manat və dövlət rüsumu kimi ödənilmiş 34,88 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus girov qoyulmuş 22,4 qramlıq, 750 əyarlı 1 ədəd qızıl qolbağa yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsinə əsasən ona illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1420 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsi üzrə borcu - 1237,7 manat əsas borc, 131,74 manat faiz borcu, 117,61 manat cərimə borcu olmaqla, cəmi 1487,05 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus qızıl-zinət əşyası - 22,4 qramlıq, 750 əyarlı 1 ədəd qızıl qolbaq xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyası xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Səbail filialında saxlanca verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1420 manat məbləğində kredit verilmişdir Həmin müqavilənin 3.1.11 və 4.2-ci bəndlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı saxlanc girovu müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan 22,4 qramlıq, 750 əyarlı 1 ədəd qızıl qolbaq banka girov qoyulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 00241074 saylı aktla girov predmeti 2339,9 manat qiymətləndirilmiş və bankın saxlancına verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün Cavabdeh xəbərdar etmişdir. İşdə olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsi üzrə 1237,7 manat əsas borc, 131,74 manat faiz borcu, 117,61 manat cərimə borcu olmaqla, cəmi 1487,05 manat borcu vardır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi girov müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə bu normaya əsaslanmaqla hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsi üzrə cavabdehə tətbiq ediləcək cərimənin məbləği azaldılmalı və 15,56 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə iddianın tələbin girov predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı saxlanc girovu müqaviləsi ilə İddiaçı ASC ilə Cavabdeh Zyadxan qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən Cavabdeh Zyadxan qızı ona məxsus 1 ədəd 750 əyarlıq 22,4 qramlıq qızıl qolbağı bankın saxlancına vermiş, bu əmlak Bank qarşısında girov olaraq yüklü edilmişdir. Həmin girov müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, borclu Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də «Rabitəbank” ASC-nin girov saxlayan kimi borcun girov predmeti olan qızılzinət əşyasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilməsi, bu vəsait kifayət etmədikdə isə borcun ümumi qaydada tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh «Rabitəbank” ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, SBLMB-07656 saylı kredit müqaviləsi üzrə 1237,7 manat əsas borc, 131,74 manat faiz borcu, 15,56 manat cərimə borcu olmaqla, cəmi 1385 manat pul tutulmalı, tutma Cavabdeh məxsus girov qoyulmuş 22,4 qramlıq, 750 əyarlı 1 ədəd qızıl qolbağa yönəldilməli, bu əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, «Rabitəbank” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 34,88 manat pul ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 34,88 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq «Rabitəbank” ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Rabitəbank” ASC-nin xeyrinə 1237,7 manat əsas borc, 131,74 manat faiz borcu, 15,56 manat cərimə borcu olmaqla, cəmi 1385 manat və dövlət rüsumunun əvəzi kimi 34,88 manat pul tutulsun. Tutma Cavabdeh məxsus olan və banka girov qoyulmuş 22,4 qramlıq, 750 əyarlı 1 ədəd qızıl qolbağa yönəldilsin, bu əmlak açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh «Rabitəbank” ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutularaq «Rabitəbank” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar