Məhkəmə qərarları › İş №e-2(012)-2173/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2173/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2173/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə yaranmış 672 manat əsas borc, 100,80 manat cərimə olmaqla, cəmi 772,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Honor 9X» markalı mobil telefon və 5 ədəd aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla, cəmi 672 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 672 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1008 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə hesablanmış cərimə məbləğinin miqdarı 1008 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %i, yəni 100,80 manat İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh «Honor 9X» markalı mobil telefon və 5 ədəd aksesuar almış və onun qiymətini 12 ay müddətinə hər ay 56 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən «Honor 9X» markalı mobil telefon və 5 ədəd aksesuar üçün Cavabdeh 672 manat əsas borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsiyə əsasən, «Honor 9X» markalı mobil telefon və 5 ədəd aksesuar üçün hesablanmış 100,80 manat məbləğində cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022ci il tarixinə yaranmış 672 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 692 manat borcun və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar