Məhkəmə qərarları › İş №e-2(012)-2179/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2179/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2179/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı “İrşad Electronics “ MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə yaranmış 674 manat əsas, 101.1 manat cərimə borcu olmaqla, ümumilikdə 775.1 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung A415” markalı mobil telefon almış və nəticədə 674 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 674 manat olan “Samsung A415” markalı mobil telefon üçün ümumilikdə 674 manat borc yaranmışdır. Cavabdeh heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung A415” markalı mobil telefon üçün 674 manat əsas, 101.1 manat cərimə borcu olmaqla, ümumilikdə 775.1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli,010913692 saylı, müddətli nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və əyaların təhvil-təslim aktından görünür ki, qiyməti 674 manat olan “Samsung A415” markalı mobil telefon alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyanın dəyərini 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung A415” markalİ mobil telefon üçün 674 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğindən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən qiyməti 674 manat olan “Samsung A415” markalı mobil telefon istifadəsinə verilmiş, alıcı alınan əşyaların dəyərini 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay ümumilikdə 38 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 674 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin cavabdehin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* sylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung A415” markalı mobil telefon üçün xx.xx.2022-ci il tarixinə yaranmış 674 manat əsas, 101.1 manat cərimə borcu olmaqla, ümumilikdə 775.1 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30xx.xx.2021-ci il tarixli ********* sylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung A415” markalı mobil telefon üçün xx.xx.2022-ci il tarixinə yaranmış 674 manat əsas, 101.1 manat cərimə borcu olmaqla, ümumilikdə 775.1 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar