Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2214/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehlə aralarında 30 noyabr 2007-cı ildə qeydə alınmış birgə nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-5851/2016 saylı qətnaməsi əsasən pozulmuşdur. Birgə nikahlarından 17 yanvar 2009-cü ildə anadan olmuş Rəfiqə adlı və 18 fevral 2012-ci ildə anadan olmuş Fatimə adlı olmaqla hər iki uşaqları ayrıldıqdan sonra onun himayəsində qalmışdır. Sonradan rayon məhkəməsinin təyin etdiyi alimentin miqdarının artırılması üçün iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların bütün qayğısını ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Böyük qızı 8-ci sinifdə oxuyur, hər ay hazırlıq müəllimlərinə 200 manat xərc çıxır. Kiçik qızı da hazırlığa gedir. Cavabdehin özünün şəxsi kamaz markalı avtomobili var və daş daşıyaraq kifayət qədər gəlir əldə edir, özlərinə məxsus başqa evləri var və kirayəyə verərək ordan da kifayət qədər gəlir əldə edir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, işləmir. Hımçinin o, yenidən ailə qurmuş və yeni nikahından da 2 övladı vardır. Bundan əlavə onun 1000 manat məbləğində borcu vardır. İddiaçı özü məktəbdə müəllimə işləyir. Odur ki, o, alimentin artırılmasına razı deyildir və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 307862 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 17 yanvar 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 861093 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 18 fevral 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30..12.2016-cı il tarixli, 2(012)- 5853/2016 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh hər ay tutulan sabit pul məbləğində 234 manat miqdarında alimentin artırılması, 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmin 308 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Ağentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və adına əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 304986 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 24 may 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 607913 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 15 yanvar 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu, həmn nikahdan iki yetkinlik yaşına çatmayan övladının olduğu diqqətə layiq halları nəzərə alaraq alimentin tələb olunan miqdarda tutulmasının hazırda cavabdehin maddi vəziyyətinə mütənasib və ikinci nikahdan olan uşaqların mənafeyinə uyğun olmadığı qənaətinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 180 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17 yanvar 2009-cu il təvəllüdlü X4 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2214/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2214/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver