Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-224/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 28 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 663.44 (altı yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində borcun və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli 728879/20190703 nömrəli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ30AZEN******************** hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.11-ci bəndini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu tam ödəməmişdir. 06 iyun 2022-ci il tarixinə borclunun Bank hesabı müqaviləsinə əsasən yaranmış overdraft üzrə 663.44 (altı yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bankın iddia ərizəsində tələbin əsası kimi istinad etdiyi müqavilə "Qeyrikredit bank xidmətlərinin göstərilməsi haqqında Baş saziş" adlanır. Adından da göründüyü kimi müqavilə Bank ilə onun arasında kredit münasibətini tənzimləmir. Müqavilə üzrə ona verilmiş kartın müddəti 2021-ci ilin avqust ayında bitmiş və o Bankın rəsmi internet səhifəsindən onlayn olaraq yeni kart sifariş etmişdir. SMS məlumatları aparılan əməliyyatları təsdiq edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4045/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması və məhkəmə hazırlıq iclası təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin iş üzrə məhkəməyə müraciət etdiyi vaxtdan bu vaxtadək heç bir ödəniş etmədiyini, işlərin çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ona görə də İddiaçı ASCnin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli 728879/20190703 nömrəli Qeyri-Kredit Bank Xidmətlərinin Göstərilməsi Haqqında Baş Sazişin surətindən müəyyən edilir ki, fiziki şəxs Cavabdeh adına plastik kart hesabı açılmış, bank müştəriyə qeyri-kredit bank xidmətləri göstərməyi, müştəri isə Saziş və Saziş çərçivəsində bağlanan müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada qeyri-kredit bank xidmətlərindən istifadə etməyi və həmin xidmətlərin dəyərini Bankın qüvvədə olan tariflərinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış 001/026/2374/2022 saylı, 18 aprel 2022-ci il tarixli cari hesab üzrə artıq istifadə edilmiş məbləğin geri tələbi haqqında bildirişdən görünür ki, cavabdehə məxsus cari kart hesabında 663.44 manat mənfi qalıq (overdraft) yaranmış, bank tərəfindən cavabdehə cari hesab üzrə artıq istifadə edilən bu məbləğin dərhal geri qaytarılması barədə xəbərdarlıq olunmuş, bu bildirişin məhkəməyə müraciət olunması üçün görülən son tədbir olduğu bildirilmişdir. Mülki işin materiallarından olan 06 iyun 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 06 iyun 2022-ci il tarixə Cavabdeh AZ30AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 663.44 (altı yüz altmış üç manat, qırx dörd qəpik) manat borcu vardır. Mülki işin materiallarından olan 31 yanvar 2023-cü il tarixli 9/8305 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan 03 iyul 2019-cu il tarixli 728879/20190703 nömrəli Bank hesabı müqaviləsinə dair hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə (iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 663,44 AZN məbləğində müəyyən edilmiş, iş materiallarında olan hesabdan çıxarış və Azericard SMS bildirişləri məlumatlarının müqayisəsi zamanı 03 iyul 2019-cu il tarixli 728879/20190703 nömrəli Bank hesabı müqaviləsinə əsasən Cavabdeh şəxsi bank hesabından aparılan silinmələrin ikisində, yəni xx.xx.2021-ci il tarix 24 man. silinmə olub xx.xx.2021-ci il tarix və xx.xx.2021-ci il tarix, 108man. siinmə olub xx.xx.2021-ci il tarix- alış-veriş günlərinə uyğun olmadığı, yəni gecikmələr olduğu nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Bank hesabı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia əsaslı olmaqla təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 663.44 (altı yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində borc pul alınaraq İddiaçı ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30.4 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 663.44 (altı yüz altmış üç manat, qırx dörd qəpik) manat məbləğində borc və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti tutulsun. Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-224/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-224/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver