Məhkəmə qərarları › İş №e-2(012)-2257/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2257/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2257/2025 10.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100000 ABŞ dolları, 8 il 6 ay ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiyasının 7,25 faizi miqdarında 62350 ABŞ dolları olmaqla, cəmi 162350 ABŞ dollarının məhkəmə qətnaməsi qəbul olunan gündən valyuta məzənnəsinə uyğun olaraq manatla, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, vurulmuş mənəvi zərərə görə isə 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, təmsil etdiyi şəxs olan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə xx.xx.2016-cı il tarixində Bakı şəhər 9 saylı xüsusi notariat kontorunun xüsusi notariusu X1 iştirakı ilə kredit müqaviləsi imzalamışdır. Müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh mülkiyyətinə əməli idarəçiliyinə 100000 ABŞ dolları pulu 31 iyul 2016-cı il tarixədək müddətinə (faizsiz) qaytarmaq şərtilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək borc şəklində vermişdir. Cavabdeh isə öz növbəsində öhdəlik götürmüşdür ki, borc götürdüyü pulun axırıncı qalığını xx.xx.2016-cı il tarixdən gec olmayaraq İddiaçı qaytarmalıdır. Lakin sözügedən müqavilənin bağlanmasından 8 il keçməsinə baxmayaraq cavabdeh tərəfindən borca görə ödənişlər edilməmiş və pul iddiaçıya qaytarılmamışdır. Hazırki mübahisə ilə bağlı pul tələbinə dair başqa mülki iş Azərbaycan Respublikası Ali məhkəməsinə qədər getmişdir. Cavabdeh iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra işlər birləşdirilmişdir. Cavabdehdən 100000 ABŞ dolları pulun tutularaq iddiaçıya verilməsinə dair Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə mövcuddur. Belə ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddia tələbinin müqavilə üzrə əsas məbləğə aid hissəsi təmin edilmiş, əldən çıxmış faydaya aid hissəsi isə təmin edilməmişdir. Daha sonra 100000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə icra qeydi verilmiş və qarşı tərəf pulu ödəmədiyinə görə cərimə olunmuşdur. Bildirir ki, cavabdeh müqavilə üzrə ödəməli olduğu borca görə 2024-cü ilin dekabr ayında cəmi 1116 ABŞ dolları məbləğində pul ödəmişdir. Ötən illər ərzində respublikada uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. xx.xx.2025-ci il tarixli Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılmışdır. Onlar cavabdehdən 9 il ərzində bank uçot dərəcəsi ilə hesablanmaqla dəymiş zərərə görə pul tələb edirlər. Belə ki, 2016-cı ildən indiyədək bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış təxminən 62000 ABŞ dolları məbləğində zərərləri vardır. İddiaçı cavabdehin uzun illər ərzində ona vurduğu ziyana görə əsəb, stress keçirmiş və işə çıxa bilməmişdir. Bu məsələ ilə bağlı iddiaçı vaxtını itirmiş və əlavə xərclərə düşmüşdür. Hesab edirlər ki, yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı iddiaçının vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Onlar iddiaçıya dəymiş mənəvi zərəri 10000 manat civarında dəyərləndirirlər. Həmçinin iddiaçı məhkəməyə iddia ərizəsi ilə müracət etmək üçün hüquqi yardım almış və bununla bağlı Abşeron Rayon Vəkil Bürosunun hesabına 320 manat pul ödəmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Vəkil izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, onunla Cavabdeh əvvəldən bir-birlərini tanımışdırlar. Cavabdeh işi ilə bağlı olaraq ondan borca 100000 ABŞ dolları məbləğində pul almış, bu barədə xx.xx.2016-cı ildə cavabdeh ilə aralarında notarial qaydada müqavilə bağlanmış və cavabdeh pulu 2 ay ərzində, yəni xx.xx.2016-cı il tarixədək qaytaracağına dair öhdəlik götürmüş,həmin puldan 1116 ABŞ dolları qaytarsada,qalan məbləği qaytarmamışdır. Göstərilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onunla İddiaçı arasında borc müqaviləsi bağlanmışdır, lakin o, iddiaçıdan 100000 ABŞ dolları deyil, 25000 ABŞ dolları məbləğində pul almışdır. Əslində iddiaçı tərəfindən ona faizə pul verilmişdir. İddiaçı ona pulu 12 faiz hesablanmaqla vermişdir. Borc götürdüyü vaxt onun ailəsində problem olmuşdur. Qeyd edir ki, iddiaçıya olan borca görə notarius tərəfindən verilmiş icra qeydi ilə bağlı bir dəfə 500 manat məbləğində cərimə edilmişdir. O, kredit müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin olunmamışdır. O, əvvəllər iddiaçıdan götürdüyü pulu qaytarmışdır, lakin sonuncu məbləğ ödənilməmiş qalmışdır. Belə ki, o, 2016-cı ilə qədər 25000 ABŞ dolları pul almış və həmin məbləği hissə-hissə olaraq qaytarmışdır. Sonuncu dəfə iddiaçı ona 23000 ABŞ dolları pul götürmüş, lakin onu ödəyə bilməmişdir. O, iddiaçıya olan borcuna görə keçən ildən ödəniş etməyə başlamışdır. Əmlakı olmadığı üçün o, nəyisə satıb borcunu ödəyə bilmir. Bildirir ki, o, hazırda “Yango” şirkəti vasitəsilə taksi fəaliyyəti ilə məşğuldur, kirayə evdə qalır, aliment ödəyir və himayəsində xəstə anası vardır. Həmçinin o, “Hepatit C” virusuna yoluxmuşdur. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 22 may 2016-cı il tarixli, 3M-732 reyestr nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 100000 ABŞ dolları (bu günkü kurs üzrə 1 $-1,50 manat), yəni 150000 manat məbləğində pul borc vermiş, Cavabdeh (borc alan) krediti xx.xx.2016-cı il tarixədək İddiaçı (borc verənə) qaytarmağı öhdəsinə götürmüş, həmçinin sözügedən müqavilədə tərəflərin kreditin faizsiz verilməsini şərtləşdirdikləri qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/17 saylı, 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) kredit müqaviləsinin və icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin məhkəmənin eyni tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli, 2(103)-7305/17 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Nəticədə Ali Məhkəmənin müvafiq qərarı əsasında iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 17 iyul 2017-ci il tarixli, 2(103)-7305/17 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc pulun və faizlərin geri qaytarılması barədə iddia tələbinin əldən çıxmış fayda hissəsində işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1437/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2016-cı il tarixli, 7F-12363 saylı icra qeydinin ləğv edilməsinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5604/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 “icra sənədinin qaytarılması haqqında” 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli, 7E-12363 nömrəli icra sənədinə əsasən Cavabdeh 100000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməli olduğu qeyd edilmiş, iş üzrə tələbkar İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədinin “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmiş, nəticədə “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsi rəhbər tutularaq sözügedən icra sənədinin Abşeron rayonu 1 saylı notariat ofisinə qaytarılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 445.7-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 22 may 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 100000 ABŞ dolları (bu günkü kurs üzrə 1 $-1,50 manat), yəni 150000 manat məbləğində pul borc vermiş, Cavabdeh isə krediti xx.xx.2016-cı il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüş, Cavabdeh 22 may 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız sayılmasını məhkəmə qaydasında mübahisələndirmiş,lakin Cavabdeh iddiası təmin olunmamış və bu barədə iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı mövcuddur.Belə olan halda tərəflər arasında bağlanmış sözügedən ktedit müqaviləsinin etibarlığına qanuni qüvvəsini almış məhkəmə aktı ilə qiymət verildiyindən,yenidən həmin halın mübahisələndirilməsi Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən mümkün olmadığından,məhkəmə hesab edir ki, cavabdeh almış olduğu pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürsədə, lakin uzun müddət keçməsinə baxmayaraq borcundan 1116 ABŞ dolları qaytarsada,qalan məbləği qaytarmamış,etirazının əsasları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmış, Cavabdeh İddiaçı aldığı 100000 ABŞ dolları pulu qaytarmaq öhdəliyi daşımış və bu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh iddiaçıya borca görə 1116 ABŞ dolları məbləğində ödəniş etdiyini bildirmiş və bu faktı iddiaçının və iddiaçının vəkili-nümayəndəsinin verdiyi izahatında təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 98884 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçının cavabdehdən 62350 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 22 may 2016-cı il tarixdə bağlanmış, həmin tarixdə cavabdehə 100000 ABŞ dolları məbləğində pul verilmiş və beləliklə, cavabdeh 8 il müddətində borcunu qaytarmamışdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbinin əsas məbləğ üzrə təmin edilmiş hissəsinə münasibətdə illik 4944,2 ABŞ dolları olmaqla və 8 il müddətinə hesablanmaqla 39553,6 ABŞ dolları məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 98884 ABŞ dolları əsas borc, 39553,6 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138437,6 ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia tələbinin vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun vəkili-nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 320 manat xərc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 98884 ABŞ dolları əsas borc, 39553,6 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138437,6 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və hüquqi yardıma görə ödənilmiş 320 manat xərc alınaraq İddiaçı verilsin. İddia tələbi vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar