Məhkəmə qərarları › İş №e-2(012)-2277/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2277/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2277/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 oktyabr 2019-cu il tariхli, 2019/00296-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 7835,58 manat məbləğində qalıq borcu, ona hesablanmış 2030,19 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5191,20 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 15056,97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı evə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 61000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun, o cümlədən dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2019-cu il tariхli, 2019/00296-01 saylı krеdit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə illik 40% hesablanmaq şərti ilə 10300 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq digər Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı evi (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: reyestr № **********78-10301, Qeydiyyat № **********, tarix: xx.xx.2019-cu il) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 07 oktyabr 2019-cu il tariхli, 2019/00296-01İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri “X1” MMC tərəfindən 61000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödəniş edilməsi mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. 23 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 7835,58 manat məbləğində qalıq, ona hesablanmış 2030,19 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5191,20 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 15056,97 manat məbləğində borc yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı BOKT ASC iddianın həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 2019/00296-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 7835,58 manat məbləğində qalıq borcu, ona hesablanmış 3676,38 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6530,20 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 18042,16 manat borcun, ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı evə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun, ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən ona hesablanmış borcun şişirdildiyini bildirdi. O qeyd etdi ki, borcu yalnız ekspertiza rəyində olan həddə qəbul edir. O bildirdi ki, mübahisəli evdə yaşayır. İştirak etdiyi məhkəmə iclasında digər Cavabdeh2 da iddianı qismən qəbul etdi. O bildirdi ki, mübahisəli evdə yaşayır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 oktyabr 2019-ci il tariхli, 2019/00296-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 40% hesablanmaq şərti ilə 10300 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilən günə görə müqavilə məbləğinin 0,1%-i həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlayır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı ev ipoteka qoyulur. İşdə olan İddiaçı BOKT ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 oktyabr 2019-ci il tariхli, 2019/00296-01 saylı kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7835,58 manat qalıq borcu, ona hesablanmış 2030,19 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5191,20 manat dəbbə pulu borcu olmaqla, cəmi 15056,97 manat borcu vardır. İşdə olan İddiaçı BOKT ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 oktyabr 2019-ci il tariхli, 2019/00296-01 saylı kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7835,58 manat qalıq borcu, ona hesablanmış 3676,38 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6530,20 manat dəbbə pulu borcu olmaqla, cəmi 18042,16 manat borcu vardır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı BOKT ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(012)-2277/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/4680 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7462,76 manat, faiz borcu üzrə 1042,59 manat olmaqla, cəmi 8469,35 manat müəyyən edilir. Lakin ekspert rəyini araşdıraraq məhkəmə hesab edir ki, hesablama metodikası düzgün aparılsa da, rəyin nəticə hissəsində texniki səhvə yol verilmiş, 7426,76 manat əsas borc əvəzinə 7462,76 manat əsas borc qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin banka olan əsas borcu ekspert rəyinə əsasən məhz 7426,76 manat məbləğindədir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ekspert rəyi ilə razılaşır və borcun müəyyən edilməsi üçün iddiaçının maliyyə arayışlarını deyil, məhz bu rəyi daha mötəbər sübut kimi qəbul edir. Bununla belə, işdən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Ekspert rəyi ilə müqavilə üzrə faizlərin xx.xx.2022-ci ilədək olan dövr üçün hesablanması nəzərə alınarsa, müqaviləyə əlavə edilən ödəmə qrafikindən görünür ki, müqavilənin bitmə tarixinədək 533 (114+102+88+75+61+46+31+16) manat faiz borcu da ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 tutulmalı olan əsas və faiz borcunun məbləği qeyd edilən rəyə uyğun, həmçinin 533 manat faiz borcu da əlavə edilməklə müəyyən edilməlidir. Başqa sözlə, borcludan müqavilə üzrə 7426,76 manat əsas borc, 1575,59 manat faiz borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 6530,20 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissədə qismən təmin edilməli və işin halları nəzərə alınmaqla, dəbbə pulu məbləği azaldılaraq 102,65 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 07 oktyabr 2019-cu il tariхli, 2019/00296-01İP saylı ipoteka müqaviləsi ilə İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. İşdə olan ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı ev Cavabdeh2 mülkiyyətindədir və İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı ipoteka predmetinin qiymətini müstəqil qiymətləndirici rəyi ilə 61000 manat müəyyən edilməsini tələb etmişdir. Mülki iş üzrə daha obyektiv nəticə əldə etmək üçün ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli, 012-068/2022 nömrəli müvafiq mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 63000 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evinin 07 oktyabr 2019-cu il tariхli, 2019/00296-01İP saylı ipoteka müqaviləsinə əsasən İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 47 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 63000 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 7426,76 manat əsas borc, 1575,59 manat faiz borcu, 102,65 manat dəbbə pulu borcu olmaqla, cəmi 9105 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 63000 manat müəyyənləşdirilərək açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına banka olan borcun ödənilməsi təmin edilməli, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində əmlak boşaldılmalı, cavabdehlər həmin əmlakdan əşyaları ilə birgə çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları hissəsində iddia tələbi qeyri-müəyyəndir və yalnız cavabdehlərə münasibətdə təmin edilməlidir. Həmçinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddətinin bitməsi səbəbi ilə müqavilənin ləğv edilməsinə zərurət olmadığından məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı BOKT ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 136 manat pul ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 350 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 100 manat vəsait sərf edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pul vəsaiti “X2 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 136 manat ödənilmiş dövlət rüsumunun əvəzi və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat pul tutulub İddiaçı BOKT ASC-yə və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7426,76 manat əsas borc, 1575,59 manat faiz borcu, 102,65 manat dəbbə pulu borcu olmaqla, cəmi 9105 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASCyə ödənilsin. Tutma Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 63000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində əmlak boşaldılsın və Cavabdeh1, həmçinin Cavabdeh2 həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 ödənilmiş 136 manat dövlət rüsumunun əvəzi və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat pul tutulub İddiaçı BOKT ASC-yə və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar