Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2297/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə 5464,44 manat məbləğində əsas borcu, 5,83 manat məbləğində faiz borcu və 0,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5470,27 manat məbləğində borcun və ödənilmiş 74,71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2102 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7228,22 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, 1 il güzəşt müddətində hər ay 6,22 manat, 4 il müddətində isə hər ay 153,73 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən, yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixli, **********2102-219404 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, borcu qəbul edir və banka olan borcuna görə hər ay ödəniş edir. Bank tərəfindən tərtib olunmuş cədvələ əsasən o, hər ay banka 154 manat ödəniş etməli idi. Lakin onun borcunu cədvəl üzrə müəyyən olunmuş məbləğdə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı MM QBKT (bank) ilə Cavabdeh2 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7228,22 manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********2102-219404 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsinin icrasının təmin etmək məqsədilə zamin Cavabdeh1 borclu Cavabdeh2 öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT-nə xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsi ilə 5464,44 manat məbləğində əsas borcu, 5,83 manat məbləğində faiz borcu va 0,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5470,27 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsi və olaraq xx.xx.2019-cu il tarixli, **********2102-219404 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********2102 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı MM QBKT-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 74,71 manat dövlət rüsumu cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5464,44 manat məbləğində əsas borcu, 5,83 manat məbləğində faiz borcu və 0,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5470,27 manat məbləğində borc və ödənilmiş 74,71 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2297/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2297/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver