Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2298/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 6432.08 manat, faiz borcu üzrə 1554.44 manat olmaqla, cəmi 7986.52 manat tutulması; Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256.94 manat, faiz borcu üzrə 74.23 manat olmaqla, cəmi 331.17 manat tutulması; EE000230777 saylı, xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 4177.81 maant borcu, faiz borcu üzrə 1227.63 manat borcu olmaqla, cəmi 5405.44 manat borcu mövcuddur. Həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 131.17 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X3 arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən X2 illik 20 faizlə 48 ay müddətinə 7700 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti, EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 4300 manat məbləğində elektron təsdiq vasitəsilə (OTP kod) kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsin müdafiə edərək, onunb təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 illik 20 % hesablanması şərti ilə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmiş və illik 24 % hesablanması şərti ilə 36 ay müddətinə 300 manat məbləğində tamkart kredit xətti açılmışdır. İş materiallarından olan EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 illik 18,9 % hesablanması şərti ilə 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli, 24/37 saylı maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 6432.08 manat əsas və 1554.44 manat faiz borcu vardır. İş materiallarından olan xx.xx.2024-cü il tarixli, 24/36 saylı maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 256.94 manat əsas və 74.23 manat faiz borcu olmaqla , cəmi 331.17 manat borcu vardır. İş materiallarından olan xx.xx.2024-cü il tarixli, 24/35 saylı maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 4177.81 manat əsas borcu və 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh mərhum X1 yeganə vərəsəsi kimi tanınmış və sonuncunun miras əmlakının 2468,15 manat pul məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 131,17 manat rüsum ödənilmişdir. Rüsumun ödənilməsi üçün 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, hazırki iş üzrə kredit götürmüş şəxs X3 öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən yeganə vərəsə Cavabdeh olduğu üçün Cavabdeh X1 miras payı həcmində 2468,15 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 131,57 manat dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 44,33 manatı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 87,24 manatı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh (vərəsədən) 2468,15 manat məbləğində kredit borcu və ödənilmiş 44,33 manat dövlət rüsumuna görə pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 87,24 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2298/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2298/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver