Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2311/2023 10.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binada, binanın “S” girişi yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən 26 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iddiaçının istifadə və sahibliyində olan mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa edilmiş binada Nümayəndə məxsus ünvan 2 ünvanında yerləşən, 5-ci mərtəbə, ümumi sahəsi 165 kv.m olan, 26 saylı, 4 otaqdan ibarət olan mənzil 80000 manata İddiaçı satılmışdır. xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 80000 manat notariat ofisinin depozit hesabına qoyularaq iddiaçı tərəfindən satıcıya tam olaraq ödənilmişdir. Buna görə də satıcı mənzil özəlləşdirildikdə hüquqmüəyyənedici sənədləri aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, mənzilin ümumi dəyəri 85000 manat müəyyən olunmuşdur. MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən binanın S-girişi yaşayış sahəsinin 5-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri 85000 manat alıcı İddiaçı tərəfindən tam ödənilmiş və MMC-yə borcu qalmamışdır. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı bağladığı müqaviləyə əsasən, razılaşdırılmış məbləğ əsasında 85000 manata mübahisəli mənzili almışdır. İddiaçının sahiblik və istifadəsində olan mənzilin təhvil verilməsi zəruridir. Mübahisəli mənzillə bağlı hər hansı bir müqavilənin olub-olmaması barədə məlumatı yoxdur. Cavabdehin nümayəndəsi mənzilin dəyərinin tam ödənilmədiyini bildirsə də borcun olmamasına dair maliyyə arayışı verilmiş və bunu şahid də təsdiq edə bilər. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə münasibət bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmuş və müqavilə üzrə mənzilin dəyəri səhv etmirsə, 80000 manat dəyərində müəyyən edilmişdir. Notarial qaydada müqavilə bağlansa da, 65000 manat pul vəsaiti ödənilmiş, 15000 manat pul vəsaiti isə ödənilməmişdir. O, İddiaçı ilə müqavilə bağlamışdır. Mübahisəli mənzil başqa şəxsə satılmamış, başqa kimsə orada yaşamır. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı tanıyır və uzaq qohumluq münasibətləri vardır. Mənzil alqı-satqısı proseslərində o da iştirak etmişdir. Mənzili İddiaçı o, tapmışdır. İddiaçı oğlu müalicələr aldığından ondan mənzil tapmasını xahiş etmişdir. O, dostunun təklifi ilə "xxxx" MMC-ni tapmış, İddiaçı çağırmış və mənzili bəyənmişdir. "xxxx" MMC-nin əməkdaşı qismində onun müəllimi olmuş Mübariz müəllim iştirak etmişdir. Mübariz müəllim həmin binada yaşayırdı, lakin idarəetmədə iştirak etmişdir. Fevral ayında alqı-satqı olmuş, lakin müqavilə təqdim edilməmişdir. Pul vəsaiti notarial qaydada 85000 manat olmaqla verilmişdir. Müqavilə bağlanmamışdan əvvəl kassa mədaxil orderi verilmişdir. Borc müqaviləsinin bağlanmasından sonra alqı-satqı müqaviləsi bağlanmış, həmin gün maliyyə arayışı verilmişdir. Binaya ümumi baxdıqda, səhv etmirsə, mənzil binanın 6-cı mərtəbəsində yerləşir. Mətbəx daxil olmaqla mənzil 4 otaqlı, sahəsi 140-150 kv.m təşkil edirdi. Mənzilin sonradan başqa şəxsə satılması barədə məlumat yoxdur. Mənzilin verilməmə səbəbi MMC-nin "xxxx" MTK-ya verməsi olmuş, MTK kommunal xidmətlərə görə üzv olmaq üçün 800 manat pul vəsaiti ödənilmədiyi təqdirdə mənzilin verilməyəcəyini bildirmişdir. Həmin pul vəsaiti verilmiş, səhv etmirsə, qeyd olunan arayış İddiaçı özü tərəfindən götürülmüşdür. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" MMC-nin "xxxx" MTK-ya təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa olunan yaşayış binasının S giriş, 5-ci yaşayış mərtəbəsinin ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzil İddiaçı ilə Nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı sahiblik və istifadəsinə verilmişdir. -Satıcı Nümayəndə ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa etdiyi binada ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 5-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili razılaşdıqları məbləğə, yəni 80000 manata alıcıya satmışdır. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində ilkin müqavilənin bağlandığı gündən əmələ gəlir. Müqavilənin 3-cü bəndinə əsasən, əsas müqavilənin bağlanması xx.xx.2027-ci il tarixədək başa çatdırılmalıdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 80000 manatı tam olaraq notariat ofisinin "xxxx" ASC-nin Sumqayıt 8 saylı filialı vasitəsilə depozit hesabına qoyaraq satıcıya tam olaraq ödəmiş və satıcı mənzil özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri çıxarış və Foma1 arayışı aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx"dən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 85000 manata alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, müqavilə bağlanan gün alıcı tərəfindən mənzilin ümumi dəyəri tam şəkildə ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri alıcı İddiaçı tərəfindən 85000 manat olmaqla tam şəkildə ödənilmiş, MMC-yə borcu yoxdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Zərdab rayonu, Çallı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya təhvil verilməsi xahiş olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsindəki ümumi sahəsi 165 kv.m olan, 4 otaqlı, 26 saylı mənzilin alqı-satqısına dair İddiaçı ilə Nümayəndə arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanaraq mənzilin gələcəkdə alqı-satqı yolu ilə iddiaçıya satılmasına dair tərəflər arasında ilkin razılaşma müqaviləsi tərtib olunmuşdur. Bağlanmış müqaviləyə əsasən, əsas müqavilənin bağlanması xx.xx.2027-ci il tarixədək başa çatdırılması nəzərdə tutulmuş və müqavilə üzrə mənzilin dəyərindən 80000 manat pul vəsaitinin tam şəkildə ödənilməklə notariusun depozit hesabına ödənilməsi təmin edilmişdir. Beləliklə, icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, mübahisəli 26 saylı mənzil qiyməti 85000 manat olmaqla iddiaçıya satılmış, iddiaçı müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmiş və bu barədə MMC tərəfindən alıcıya borcun tam şəkildə ödənilməsinə və borcun olmamasına dair arayış təqdim edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq satıcı tərəfindən mənzilin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə mənzilin alqısatqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmiş və müqavilənin bütün mühüm şərtləri barəsində tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər cavabdeh qurum tərəfindən icra edilməmiş, bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İlkin olaraq, məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında mənzilin alqısatqısına dair müqavilənin bağlanmasına baxmayaraq, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi mənzilin başqa şəxsə satılmadığını, mənzildə kimsənin yaşamadığını bildirsə də mənzilin təhvil verilməmə səbəbini mənzilin ümumi dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqələndirmiş, lakin borcun tam şəkildə ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilmə səbəbini izah edə bilməmişdir. Beləliklə də, məhkəmə iclasında ifadə vermiş şahid ifadəsi əsasında da mənzilin dəyərinin tam şəkildə ödənilməsi təsdiq olunmuş və MMC tərəfindən təqdim edilmiş maliyyə arayışının mövcudluğu mənzilə dair borcun olmamasının bariz sübutudur. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan, 26 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2311/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2311/2023
10.07.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver