Məhkəmə qərarları › İş №e-2(012)-236/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-236/2023

07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-236/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 07 avqust 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilə vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzil onun xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edir ki, ona məxsus mənzil binanın 3-cü mərtəbəsində yerləşir. Cavabdeh isə ona məxsus mənzilin yerləşdiyi binanın 4-cü mərtəbəsində yerləşən 25 nömrəli mənzilində yaşayır və onun yerləşdiyi mənzilin üst qonşusudur. Bir müddət əvvəl cavabdehin yaşadığı 25 nömrəli mənzildən onun xüsusi mülkiyyətində olan 15 nömrəli mənzilə ona məlum olmayan səbəblərdən su axıdılmış və nəticədə onun mənzilinə maddi ziyan vurulmuşdur. Bir neçə dəfə Cavabdeh yaşadığı mənzildən onun mənzilinə davamlı su axdığını və bunun nəticəsində onun mənzilinə ziyan vurulduğunu desə də, həmçinin cavabdehdən suyun axmasının qarşısını almağı tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamış və nəticədə mənzilində olan qonaq otağının tavanı, laminatı, işıq spotları, mətbəxin tavanı, divar kağızları (oboy), malyarkası tam yararsız hala düşmüşdür. Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona məxsus mənzilə ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. O, Cavabdeh vurulmuş zərərin ödənilməsini tələb etsə də, cavabdeh ziyanın ödənilməsindən imtina etmişdir. Ona görə də hazırda Cavabdeh onun mənzilinə vurduğu ziyana görə pulu ödəmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/1963 saylı rəyi ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, heç yerdə işlmədiyindən dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Lakin evi özü təmir edərək dəymiş ziyanı aradan qaldıra bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/1963 saylı rəyi ilə razı deyildir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.7 kv.m olan 15 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********34-05301-093157 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/1963 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilin iddiaçının mənzilinin üstündə yerləşdiyini, cavabdehin mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığını nəzərə alaraq, 15 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 25 saylı mənzildən su axdığı müəyyən olunsa da, lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissəslərində heç bir qüsur aşkar olunmadığına görə suyun sızmasının dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 15 saylı mənzilə su sızması 25 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 25 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 1 ünvanında yerləşən 15 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmir- bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1869 manat məbləğində olduğu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən su sızması iddiaçının izahatından başqa, işin materiallarında olan yuxarıda qeyd edilən məhkəmə ekspertizasının rəyi ilə və işin materialları ilə də tam təsdiq olunur. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinin otaqlarına su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1869 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus mənzildən su sızma nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş maddi ziyanın 1869 manat təşkil etdiyini əsas götürərək, 1869 manat məbləğində pul vəsaiti çavabdehdən tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 60 manat məbləğində pul vəsaitinin 50 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı cavabdehə, 25 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 1869 manat və ödənilmiş dövlət rüsumu üçün 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 25 manat, İddiaçı isə 25 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar