Məhkəmə qərarları › İş №e-2(012)-236/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-236/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-236/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan “21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobilə vurulmuş 1582 manat məbləğində maddi zərərin, məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 35,82 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 300 manat məbləğində pulun cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı cavabdehlər X4, X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan “ 21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobil cavabdehlər X3, Cavabdeh və X1 alınaraq ona geri qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Şirvan şəhər məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(032)-1135/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunmuş qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Sumqayıt İcra və Probasiya şöbəsinə göndərilmişdir. 2024-cü ilin fevral ayıda 24-də icra qaydasında “ 21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobil mülkiyyətçi İddiaçı qaytarılmışdır. Bu zaman tərəflərin iştirakı ilə akt tərtib olunmuş və avtomobil götürülərkən video çəkliş aparılmışdır. Həmin vaxt avtomobildə zədələrin və çatışmayan detalların olduğu müəyyən olunmuş, bu barədə cavabdehə bildirilmiş, o isə əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixində avtomobillə dəymiş ziyanın məbləğinin müəyyən olunması ilə bağlı mütəxəssisə müraciət olunmuş, həmin tarixdə qüsur aktı tərtib olunmuşdur. Bu barədə cavabdehə məlumat verilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. xx.xx.2024-ci il tarixli qüsur aktından görünür ki, sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 602 manat, təmir və bərpa işləri üzrə dəyən maddi ziyan 980 manat, ümumi dəyən maddi zərər 1582 manat təşkil edir. Hesab edir ki, İddiaçı hüquqlarının pozulması nəticəsində maddi zərər dəymişdir. Bu səbəbdən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, sözügedən maşını aldıqdan 2 ay sonra etibarnamə ləğv edilmişdir. Etibarnamə ləğv edildikdən sonra il yarim müddətində maşın onda qalmışdır. Həmin müddətdə maşın onun həyətində olmuş və sürülməmişdir. Avtomobil sürülmədiyi üçün təkərləri yatmış və istifadəsində problem yaranmışdır. Avtomobilin üzərinə ağac qırıntılarının tökülməsi isə ondan asılı olan hal deyildir. O, maşının yalnız təkərlərinə zərər dəydiyini hesab edir. Lakin həmin zərəri qarşılamağa onun maddi imkanı yoxdur. Bundan əlavə maşın iddiaçıya qaytarılsa da, iddiaçı maşının pulunu ona qaytarmamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi dalan 8, ev 90-da yaşayan İddiaçı adında “VAZ-21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. -Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 875 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 8İ-4986 reyestrlə təsdiq olunmuş ərizəyə əsasən mülkiyyətçisi olduğu ** BJ *** dövlət nömrəli nəqliyyat vasitəsinə sərəncam hüquqlu Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-3860 reyestrlə, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-3879 reyestrlə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-19893 reyestrlı verilmiş etibarnamələr notariat elektron informasiya sistemində tərəflərindən ləğv olunmuşdur. -Şirvan Rayon Məhkəməsinin 2(032)-1135/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh "VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. -Avtoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy aktından görünür ki, İddiaçı məxsus “VAZ 21120” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan ümumi vəsait 1582 ( 602 manat + 980 manat =1582 manat) təşkil edir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/8009/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, (012)-3681/2024 №-li iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəbləre görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün, iş materiallarında olan ““Şirvan Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən 2000-ci il buraxılışlı, “Vaz 21120” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyyat hissələri barədə qeyd olunan tarixə, yəni xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparmaq mümkün olmadı. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq etmiş və iddia ərizəsi ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(032)-1135/2023 saylı qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması qət edilmişdir. 2024-cü ilin fevral ayıda 24-də icra qaydasında “ 21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobil mülkiyyətçi İddiaçı qaytarılmışdır. Həmin vaxt avtomobildə zədələrin və çatışmayan detalların olduğu müəyyən olunmuş, bu barədə cavabdehə bildirilmiş, o isə əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixində avtomobillə dəymiş ziyanın məbləğinin müəyyən olunması ilə bağlı mütəxəssisə müraciət olunmuş, həmin tarixdə qüsur aktı tərtib olunmuşdur. Bu barədə cavabdehə məlumat verilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. xx.xx.2024-ci il tarixli qüsur aktından görünür ki, sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 602 manat, təmir və bərpa işləri üzrə dəyən maddi ziyan 980 manat, ümumi dəyən maddi zərər 1582 manat təşkil edir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan “21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobilə vurulmuş 1582 manat məbləğində maddi zərərin cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iş materiallarını və sübutları təqdiq edərək, belə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/8009/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından göründüyü kimi, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün, iş materiallarında olan ““Şirvan Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən 2000-ci il buraxılışlı, “Vaz 21120” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyyat hissələri barədə qeyd olunan tarixə, yəni xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Məhkəmə sözügedən avtomobilə məxsus ehtiyyat hissələri barədə xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparılmasının mümkün olmamasını və iddiaçının cavabdeh tərəfindən onun avtomobilinə 1582 manat məbləğində zərər dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq, belə hesab edir ki, iddia tələbi öz təsdiqni tapmır. Belə ki, iddiaçı dəymiş zərərin həqiqətən cavabdeh tərəfindən edilməsi, həmin zərərin Şirvan şəhər Məhkəməsinin qətnamə ilə avtomobilin ona qaytarılmasından sonra deyil, əvvəl yaranmasını təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda zərərin qiymətləndirilməsi barədə rəydən görünür ki, həmin rəyi alyazma qaydasında Avtoservis və ticarət müəssisəsinin mütəxəssisi tərəfindən verilmiş və möhürlə təsdiq edilmişdir. Lakin həmin mütəxəssisin rəy verməyə səlahiyyətinin olması barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə həmin rəyi əsaslı sübut kimi nəzərə alınmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının ödədiyi dövlət rüsumu və pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 300 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar